21 Dekabr 2023 12:17
Bu gündən Azərbaycanda 40 gün davam edən "Böyük çillə" başlayır.
Metbuat.az xəbər verir ki, bu günün anlamı barədə folklorşünaslar müxtəlif rəvayətlər danışırlar.
Əski təsəvvürlərə əsasən, “çillə” ilin qış fəslinin bölgülərinə verilən addır.“Çillə” “cehl” sözündən olub qırx rəqəmini bildirir. El-oba arasında qışın ən soyuq dövrünə və uğursuz hadisələrə, əzaba, kədərə “çillə” deyilir və ağırlıq, çətinlik mənasında başa düşülür. Bəzən adamlar bir müsibətli bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq, ətrafdakıları zərərli qüvvələrdən qorumaq, qırxı çıxan körpəyə dəyən xətərin qarşısını almaq, ailədə baş verən uğursuzluqları dəf etmək, ağır xəstələrin sağalmasını tezləşdirmək üçün xüsusi ayin icra ediblər, bu da “çillə kəsmə” adlanır.
“Çilləbeçə” isə qış fəslinin və ilin son 30 günü olan Boz ayın (21/22 fevral – 21/22 mart) el-oba arasında deyilən adlarından biridir. “Çilləbeçəyə” hər biri yeddi gündən ibarət “cəmlələr” adlanan 4 həftə – çərşənbə daxildir. Xalq, el-oba bu çərşənbələrin hər birinə xüsusiyyətlərinə görə adlar vermişdir. Əski inama görə, bu çərşənbələrin dördündə təbiətdə və cəmiyyətdə canlanma, oyanma, dirilmə prosesi gedir.
Çox qədim zamanlarda qışın başlanması münasibətilə el-oba ilin ən uzun gecəsində “Çillə qarpızı” kəsib mərasim keçirirlərmiş. Belə bir inam var ki, çillə qarpızı yeyən adam çətin xəstələnirmiş. Buna görə də xəstələrə çillə qarpızı ən böyük töhfə hesab edilir. Çillə qarpızından nişanlı qızlara da pay aparılır.
Ümumiyyətlə, Çillə gecəsi Yer kürəsinin şimal yarımkürəsində, ilin 365 gününün ən uzun gecəsidir. Bu gecə, Şəmsi ilinin, Dey ayının başlanğıc gecəsi, Azər ayının sonuncu gecəsi və Novruz bayramına 3 ay qaldığını bildirən ən uzun gecədir.
Atəşpərəstlərin inanclarına görə, bu gecə Xeyir (Axura Mazda) Şər (Əhrimən) ilə kəskin mübarizə aparmışdır. Çillə gecəsi Urmiya, Təbriz, Ərdəbil, Zəncan, Xoy, Şəbistər, Marağa, Naxçıvan, Şəki, Gəncə və digər şəhərlərdə daha təmtəraqla qeyd edilir.
Metbuat.az