19 Dekabr 2023 14:11
Əvvəlcə deyim ki, mən televiziyalarda azərbaycan dilində hazırlanan proqramları milli sərvətimiz sayıram. Telekanallarımızın son illərdə inkişaf etməsi, yeni-yeni məhsullarla, filmlərlə, sənədli televiziya verilişləri ilə, sənədli filmlərlə ortaya qoyduqca, nədənsə bunu gözü götürməyənlər, bizimlə düşmənçilik edənlər, ya da xaricin hansısa pulu ilə sifarişli internet tv açıb orada yalnız mənfilikləri dilə gətirən Kamran Həsənli kimilərin tənqidi artır.
Tənqid həmişə lazımdır, amma qərəzli olmayanda.
Televiziyada gedən verilişlər, orada iştirak edən ekspertlər, sənətçilər, intellektuallarımız bir daha sübut edir ki, çağdaş Azərbaycan düşüncəsi yerində durmur, dünyada baş verən hadisələrə adekvat cavab verə bilir və bizim düşüncələrimizi tamaşaçıya çatdıra bilir.
Əgər biz düşünürüksə ki, bizim kanallarda yayımlanan verilişlər tamaşaçının zövqünü korlayır, onda məcburuq efirdə türk, Avropa, ABŞ proqramlarını, filmlərini yayımlayaq. Bununla bağlı Avropada çox böyük etirazlar var idi. Hətta Fransada parlament səviyyəsində ingilis dilli kontentin fransız dilli kontentləri üstələməsinin qarşısının alınması üçün qanun layihəsi təsdiq edildi. Biz bu proqramlardan narazı ola bilərik, amma bunlar bir faktdır. Müəyyən tənqidi fikirlər söyləyə bilərik. Amma əvvəl televiziyada olub indi telekanalları qaralayan, öz ətrafına xaricdə bizi sevməyənləri, yeniyetmələri yığan şəxsi mən anlaya bilmirəm. Bu, peşəkarlıqdan da kənardır. Bir var Qulu Məhərrəmli kimi biri tənqid edə, birdə var özü bir vaxt zəif verilişlərlə Azərbaycan ictimaiyyətini heyrətləndirən bir şəxs edə.
Oturduğumuz budağı kəsməklə heç nəyə nail ola bilmərik. Bu televiziya kanalları milli mədəniyyətimizin bir formasıdır və bunu belə də qəbul etmək lazımdır.