28 Dekabr 2023 11:31
ABŞ Müdafiə Nazirliyi Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım göndəriləcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Pentaqondan yazılı açıqlama verilib. Açıqlamada 250 milyon dollarlıq hərbi yardım paketinə yer-hava raket sistemləri, Stinger raketləri, artilleriya sursatları, tank əleyhinə silahlar və Ukrayna ordusunun ehtiyac duyduğu digər silahların daxil olduğu bildirilib.
Qeyd edək ki, ABŞ rəhbərliyi Ukraynaya 61 milyard dollarlıq müdafiə yardımını nəzərdə tutan paketi Konqresdən hələlik keçirə bilməyib. Co Bayden administrasiyasının Senatda respublikaçılar tərəfindən bloklanan Ukraynaya 61 milyard dollarlıq əlavə dəstəyin daxil olduğu paketin keçməsi üçün yeni ildə işini davam etdirəcəyi gözlənilir. Senatdakı respublikaçılar qanun layihəsini ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyini artırmaq üçün əlavə tədbirləri ehtiva etmədiyi səbəbilə dəstəkləməyib.