20 Dekabr 2023 14:26
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib.
Metbuat.az xəbər verir ki, qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul olunub.
İlham Heydər oğlu Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi ilə bağlı AHİK-in bəyanatı oxunub.
Bəyanatda deyilir:
“Həmkarlar ittifaqlarının fəaliyyətində səmərəlilik qanunun aliliyinin qorunmasından, sosial-iqtisadi tərəqqidən, sabitlikdən, demokratiya, insan hüquq və azadlıqlarının təmin edilməsindən, vətəndaş cəmiyyətinin inkişafından çox asılıdır. Azərbaycan Respublikasının bu sahədə nail olduğu böyük uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin xidmətləri və onun yolunu davam etdirən Prezident İlham Əliyevin siyasəti dayanır.
Həmkarlar ittifaqları işçilərin, pensiyaçıların, təhsil alanların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi işində daim Prezident İlham Əliyevin güclü dəstəyini hiss edir. Məhz bu dəstəyin sayəsində Azərbaycanın həmkarlar ittifaqları işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq nümayiş etdirir və qətiyyətli addımlar atır.
Həmkarlar İttifaqlarının üzvləri əmək münasibətlərinin tənzimlənməsində, sosial tərəfdaşlığın səmərəliliyinin artırılmasında verdikləri töhfələrlə haqlı olaraq fəxr edir.
Konfederasiya 44 günlük Vətən müharibəsində də, COVID-19 pandemiyası dövründə də respublikamızda ümumi işə dəstək olmaq üçün əlindən gələni əsirgəmədi. Şəhid ailələrinə, müharibə veteranlarına həssas münasibət, vətəndaşların əmək hüquqlarının qorunması, sosial rifah halının yaxşılaşdırılması, bütövlükdə cəmiyyətin ahəngdar inkişafının təmin edilməsi fəaliyyətimizin əsas qayəsini təşkil edir.
Biz hər gün respublika üzrə ən müxtəlif kollektivlərin içərisindəyik. Həmkarlar ittifaqları Prezident İlham Əliyevə ümumxalq məhəbbətini və dəstəyini, böyük inamı hər bir kollektivdə hiss edir.
20 ildir ki, Azərbaycan xalqı keçirilmiş bütün prezident seçkilərində öz taleyini yalnız İlham Əliyevə etibar edib.
O, Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirib, hər kəs Prezident İlham Əliyevin sözünün imzası qədər güclü olduğunu bilir. İlham Əliyev Azərbaycan xalqını ən böyük arzusuna çatdıran - Şuşanı azad edən milli liderdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Azərbaycan Bayrağının Şuşada, Xankəndində, Xocalıda qürurla dalğalanması tarixə əbədi həkk olan böyük səadətdir.
Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyətli siyasəti nəticəsində qələbədən qələbəyə doğru mətin addımlarla irəliləyib, böyük inkişaf yolu keçib, zirvələr fəth edib. Bütün bunlar nəyi, nə vaxt və necə etmək lazım olduğunu dəqiq hesablayan siyasi liderin tarixi xidmətləridir.
Bu gün dünyanın müxtəlif regionlarında qanlı hadisələr, sonu görünməyən müharibələr baş verir. Belə bir şəraitdə Azərbaycan dünyada sabitlik, inkişaf, təhlükəsizlik adası kimi yalnız irəliyə gedir, şöhrəti bütün aləmə yayılır. Birinci xanım Mehriban Əliyeva da bu şərəfli yolda Azərbaycan Prezidentinin ən yaxın silahdaşıdır.
Bütün Azərbaycan xalqı kimi, həmkarlar ittifaqları da zaman-zaman ölkəmizin məhz müstəqil siyasət kursuna görə hansı təzyiqlərə, çirkin kampaniyalara məruz qaldığını yaxşı bilir. Ancaq bütün bunlar Azərbaycanın əzminə, inkişaf yoluna mane ola bilmədi. Xalqımızın böyük oğlu İlham Əliyev Azərbaycanı bütün bəlalardan qorudu, təmkinlə, qətiyyətlə, dönməzliklə ölkəni yeni uğurlara apardı.
Bu gün ərazi bütövlüyünün, suverenliyinin pozulmasından əziyyət çəkən nə qədər ölkə var. Azərbaycan isə cəmi 44 günə əldə etdiyi qələbə ilə tarix yazdı. Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə dəmir yumruq kimi birləşdi, hərbi dərsliklərə düşən döyüş əməliyyatları aparıldı.
2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı zamanı - cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan Ordusunun qalıqları məhv edildi, qanunsuz hərbi rejimin xunta başçıları diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu. Əli xalqımızın qanına batmış xunta başçıları, Xocalı cəlladları indi layiq olduqları yerdə - həbsxanalardadır, törətdikləri müharibə cinayətlərinə görə Azərbaycan məhkəmələri qarşısında cavab verməyə məhkum ediliblər. Budur, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev siyasətinin təntənəsi, zəfər salnaməsi!
Bu gün Müstəqil Azərbaycan tam əmin əllərdədir, ölkəmiz tarix boyu heç vaxt bu qədər güclü olmayıb. Fərəhlə söyləyə bilərik ki, bu, məhz Ulu Öndər Heydər Əliyevin arzuladığı Azərbaycandır!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əvvəlki Prezident seçkilərində olduğu kimi bu dəfə də mövqeyi birmənalı, yekdil və dəyişməzdir.
Biz - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayının nümayəndələri 1,5 milyon həmkarlar ittifaqı üzvləri adından 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində xalqımızla həmrəyliyi davam etdirərək, Azərbaycanı inkişaf etmiş ölkəyə çevirən böyük şəxsiyyət İlham Əliyevi dəstəklədiyimizi bəyan edirik!
Biz hər bir Azərbaycan vətəndaşını ilk dəfə ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi şəraitində keçirilən bu seçkilərdə fəal iştiraka, seçki günü məntəqələrə gələrək bu şanlı tarixi prosesin bir hissəsinə çevrilməyə, onu imzası ilə möhkəmləndirməyə çağırırıq! Azərbaycana qələbə yaraşır! Yaşasın müzəffər xalq! Yaşasın Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev!”