METBUAT.AZ

Sosial

Azad edilən ərazilərin sakinləri üçün peşə hazırlığı kursları başlayır

7 Dekabr 2023 14:35

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Laçın, Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl şəhərləri, Laçının Zabux və Sus, Füzulinin Dövlətyarlı, Cəbrayılın Horovlu və Şükürbəyli, Qubadlının Mahruzlu və Zilanlı, Ağdərənin Talış və Suqovuşan, Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin işsiz və işaxtaran sakinləri üçün peşə hazırlığı kurslarına başlayır.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, peşə kurslarına 2023-2024-cü illərdə həmin ərazilərdə məskunlaşmış, habelə məskunlaşması nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər.

Kurslarda iştirak etməklə siz əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və peşələr üzrə işlə təmin olunmaq imkanı qazanacaqsınız.

Peşə hazırlığı kurslarına DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək mümkündür.

Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir. Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərin sakinləri üçün də təşkil ediləcək.


metbuat.az.