20 Dekabr 2023 10:57
Hazırda Azərbaycanda ən az və ən çox şagirdi olan məktəblərin sayı və onların harada fəaliyyət göstərdiyi maraq doğurur.
Metbuat.az bildirir ki, Elm və Təhsil Nazirliyi Modern.az-ın bununla bağlı sorğusuna cavab verib. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən saytımıza bildirilib ki, hazırda Azərbaycanda sadəcə 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir.
Bu məktəblərdən 1-i Ağsu rayonunda, 2-si İsmayıllıda, 2-si Lerikdə və 2-si Qubada yerləşir.
Elm və Təhsil Nazirliyi şagird sayı ən çox olan məktəblərin də harada olduğuna aydınlıq gətirib. Bildirilib ki, şagird sayı 4000-dən çox olan 10 məktəb var ki, bunlardan 3-ü Abşeron rayonunda, 7-si isə Bakı şəhəri ərazisindədir.
Azərbaycanda şagird sayı 5000-dən çox olan 3 məktəb var ki, bunlardan 1-i Bakı şəhərində, 2-si isə Abşeron rayonunda fəaliyyət göstərir.