16 Dekabr 2023 23:40
Prokurorluq işçiləri ilə yanaşı prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsi gücləndirilir.
Metbuat.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin dekabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilən "Prokurorluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan "Prokurorluq haqqında” qanunun 39-cu maddəsi prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məsələlərini tənzimləyir. Həmin qanunun 1-ci maddəsinə əsasən, prokurorluq işçiləri dedikdə prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları, prokurorluğun stajorları nəzərdə tutulur. Təklif edilən layihəyə əsasən, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və "Prokurorluq haqqında” qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldilməsi mümkün olacaq.