11 Dekabr 2023 14:08
Cari ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 109,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 110,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 108,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,6 faiz təşkil edib.
Metbuat.az Dövlət Statistika Komitəsindənə istinadən xəbər verir ki, cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,8 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 102,6 faiz olub. Bu ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 101,5 faiz təşkil edib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma çörəyin, qarabaşaq və manna yarmasının, mal, qoyun və toyuq ətinin, təzə balığın, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, yerkökünün, çuğundurun, soğanın, kartofun, şəkər tozunun, bahalaşma isə əsasən pasterizə olunmamış üzlü südün, yoqurtun, yumurtanın, zeytun yağının, bananın, üzümün, xiyarın, pomidorun, sarımsağın, şəkərin, qəhvənin, meyvə şirəsinin qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2023-cü ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 103,1 faiz təşkil edib.
Cari ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 104,0 faiz olub. Noyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən ucuzlaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində, bahalaşma isə mənzillərin icarə haqlarında müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.