5 Dekabr 2023 10:48
4-5 dekabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kuba Respublikasına səfər edib.
XİN-dən Metbuat.az-a verilən xəbərə görə, 4 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında ilk siyasi məsləhətləşmələr keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kuba tərəfindən isə xarici işlər nazirinin müavini Elio Rodriqez Perdomo rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin cari vəziyyəti, son müddətdə ölkələrimiz arasındakı əlaqələrdə müşahidə olunan müsbət dinamika, iqtisadi-ticarət, səhiyyə, turizm, təhsil və digər sahələrində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi ətrafında müzakirələr aparılıb.
Elnur Məmmədov qarşı tərəfə Azərbaycanın sülh gündəliyi, Ermənistanla münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılın yenidənqurma işləri barədə geniş məlumat verib.
Görüş zamanı həmçinin, Azərbaycanın Qoşulmama Hərəkatına (QH), Kubanın isə G77 və Çin Qrupuna sədrlikləri çərçivəsində fəaliyyəti vurğulanaraq, uzun fasilədən sonra BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində QH - G77 və Çin Birgə Əlaqələndirmə Komitəsinin (JCC) xarici işlər nazirləri səviyyəsində iclasının keçirilməsi məmnunluqla qeyd olunub.
Məsləhətləşmələr ardınca iki ölkə arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kuba Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasına dair Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.
Səfər çərçivəsində Elnur Məmmədov həmçinin, Kuba Xalq Hakimiyyəti Milli Assambleyasının sədr müavini xanım Ana Maria Mari Maçado, Kuba Xarici Ticarət və Xarici Sərmayələr nazirinin birinci müavini Ana Terezita Qonzalez Fraqa, o cümlədən Karib Hövzəsi Birliyinə (CARİCOM) üzv dövlətlərin Kubada akkreditə olunan səfirləri ilə işçi görüş keçirib.
Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin genişləndirilməsi imkanları, eləcə də CARİCOM təşkilatı və onun üzv ölkələri ilə beynəlxalq müstəvidə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi perspektivləri müzakirə edilib.
Səfərin yekununda Elnur Məmmədov Kubanın “Prensa Latina” xəbər agentliyinə müsahibə verib. Müsahibə zamanı Azərbaycan-Kuba ikitərəfli münasibətləri, bu əlaqələrin gələcək inkişaf perspektivləri, ölkəmizin QH-ya uğurlu sədrliyi və həyata keçirdiyi təşəbbüslər, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə suallara cavab verib.