21 Dekabr 2023 20:14
Bakıdakı məşhur restoranlardan birindən 85 min manatlıq ətin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.
İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq Mehdiyevə də 5 min manat cərimə cəzası verilib.
Məhkəmə prosesində zərərçəkmiş iş adamı, restoranın icarədarı Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini bildirib və onlarla bağlı şikayətini geri çəkib.