METBUAT.AZ

Hadisə

Bu mərkəzin vəzifəli şəxslərinə

18 Dekabr 2023 11:30

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

Metbuat.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Mərkəzlə bağlı aparılan araşdırma nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Belə ki, aparılmış ilkin araşdırma zamanı 2023-cü ilin fevral-may aylarında tibb müəssisəsinin vəzifəli şəxsləri tərəfindən Mərkəzə müraciət etmiş çoxsaylı sağlam vətəndaşın hematoloji müayinədən keçirilmədən adlarına qanın bədxassəli xəstəliyi ilə bağlı saxta diaqnozların rəsmiləşdirilməsi üzə çıxarılıb. Bu yolla da onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq qurumlarına təqdim etmələri üçün əlilliyin təyin olunması və hərbi xidmətdən azad olunma hüququ verən saxta tibbi sənədlərlə təmin edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin və onların əlbir olduğu digər şəxslərin dəqiq dairəsinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.


metbuat.az.