METBUAT.AZ

Siyasət

Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb

1 Dekabr 2023 11:04

30 noyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb.

Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb.

Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.

Bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


metbuat.az.