METBUAT.AZ

Siyasət

Əsirlərin qaytarılması nə vaxt baş tutacaq? -

13 Dekabr 2023 13:00

Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı tərəfindən dekabrın 7-də verilən birgə açıqlamada Bakı ilə İrəvan arasında əldə olunan razılaşmaya əsasən Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.

Həm Azərbaycan, həm də Ermənistan ictimaiyyətində hərbçilərin dəyişdirilmə prosesinin nə vaxt baş tutacağı ilə bağlı müəyyən suallar yaranıb. Hər iki ölkənin rəsmi mənbələrində bu barədə heç bir açıqlama yoxdur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Tural İsmayılov bildirdi ki, əsirlərin dəyişdirilməsi ilə bağlıqərar rəsmidir və bu istiqamətdə hansısa problem ola bilməz:

“Ola bilsin ki, bu daşınma ilə bağlı bir məsələ olsun. Nəzərə almaq lazımdır ki, ötən gün Baş prokuror Kamran Əliyev bu məsələ ilə bağlı açıqlama verərək bildirdi ki,tezliklə iki əsrimiz Azərbaycana qaytarılacaq. Hesab edirəm ki, bu nüansda hansısa anlaşılmazlıq ola bilməz. Ortada konkret iradə, qərar var. Amma bəzi şeylərdə ümumiyyətlə tələsik şərh verməyi mən doğru hesab etmirəm. Azərbaycanla Ermənistan arasında ortaq anlaşma var və bu məsələdə hansısa bir provokasiya ola bilməz”.

Ermənistana qarşı heç bir mövzuda güvən olmadığını, hansısa bir təxribat etmək ehtimalı ilə cəmiyyətin haqlı narahatlıqları fonunda Tural İsmayılov qeyd etdi ki, əsirlərin dəyişdirilməsi məsələsi beynəlxalq səviyyədə alqışlanan dəstək görən bir məsələdir:

“Azərbaycan və Ermənistan arasında əsir mübadiləsi ilə bağlı, dünyanın ən önəmli təşkilatları yüksək fikirlərini ifadə ediblər. Hər halda ola bilsin ki, hansısa texniki məsələlərə görə bu məsələ bir neçə gün çəkə bilər. Bu baxımdan qaytarılma məsələsi ətrafında hansısa bir informasiya manipulyasiyasına və əlavə yozuma ehtiyac duymuram və bunu da doğru hesab etmirəm”.

Hərbi ekspert Ədalət Verdiyev isə düşünür ki, əsirlərin dəyişdirilməsinin gecikdirilməsi məsələsi texniki məsələlərlər bağlıdır:

“Hazırda Azərbaycanla Ermənistan arasında saxlanılan şəxslərin mübadiləsinin ləngiməsi böyük ehtimalla texniki prosedurlarla bağlıdır. Bütün sənədləşmə işləri başa çatdıqdan sonra böyük ehtimalla yeni ilə qədər bu saxlanılan şəxslərin mübadiləsi başa çatacağını ehtimal edə bilərik”.

Qeyd edək ki, Ermənistan parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Sarkis Xandanyan KİV-ə açıqlamasında hərbçilərin dəyişdirilmə prosesinin Ermənistan-Azərbaycan sərhədində baş tutacağını istisna etməyib. Amma kimin vasitəsilə, bunu açıqlamayıb.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.