METBUAT.AZ

Siyasət

“Gənc nəslə erməni xalqına nifrət aşılamaq olmaz” -

1 Dekabr 2023 21:14

“Ermənistan parlamentinin spikeri, cənab Alen Simonyanın birgəyaşayışla bağlı fikirləri maraqlıdır”.

Metbuat.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

O, Ermənistan parlamentinin spikeri Alen Simonyanın açıqlamasında münasibət bildirib.

Xatırladaq ki, erməni parlamentari bildirib ki, vaxt gələcək, ermənilərlə azərbaycanlılar yanaşı yaşamalı olacaq:

“Biz buna ümid edirik və baş verməsi üçün hər şey edəcəyik. Ermənilərlə azərbaycanlılar ticarətlə məşğul olmalıdırlar, istisna etmirəm ki, bəzi ermənilər Azərbaycan ərazisində öz evlərinə qayıdacaqlar və bir müddət sonra azərbaycanlılar gəlib Ermənistanda məskunlaşacaqlar”.

Z.Əlizadənin fikrincə isə A.Simonyan hesab edir ki, erməni xalqı artıq dünyanın digər xalqları kimi yanlış təsəvvürlərdən xilas olub, mədəni həyat tərzini seçib, o cümlədən qonşuları birgə yaşaya və ədavəti aradan qaldıra bilər:

“Yəni ədavət aradan qalxandan sonra hər iki xalq Azərbaycan və Ermənistanda istədikləri kimi yaşaya bilərlər. Bundan sonra Azərbaycan və Ermənistan bir-birini düşmən kimi görməyəcək, ədavət siyasəti olmayacaq və sadə şəkildə yaşayacağıq. Yəni onun sözlərinin mənası çox sadədir”.

Müsahibimiz əmin edib ki. dünyada bir çox xalqlar on illər, bəzən isə əsrlər boyu müharibə aparıb nəticədə barışıblar:

“Məsələn, ingilis-fransız, alman-ingilis, fransız-alman, rus-alman və s. Bu millətlər artıq barışıb. Çünki zaman və dövran məcbur edir ki, insanlar yanlış seçimlərindən xilas olub adam balası kimi yaşamağa başlasınlar”.

“Cənab Simonyanın sözləri də onu göstərir ki, erməni xalqı elə bir vəziyyətə gəlib ki, digər dünya xalqları kimi düşünməyi bacarırlar. Bu, həm də bizə aiddir. Biz gənc nəslə erməni xalqına nifrət aşılamamalıyıq. Dərsliklərimizi dəyişməli və nifrət nitqi söyləyən adamları təhsil sahəsindən uzalqaşdırmalıyıq. Biz başqa mədəni xalqlar kimi qonşularımızla mehriban yaşamalıyıq”, – o, fikirlərini yekunlaşdırıb.


metbuat.az.