5 Dekabr 2023 13:08
“Qəzzada HƏMAS-ın mövcudluğunu ABŞ-nin Yaxın Şərqdə formalaşdırdığı siyasi nizamı təhdid edirdi. Məhz İsraillə ərəb ölkələri arasında "İbrahim" sazişinin imzalanması, Yaxın Şərqdə yeni bir geosiyasi formalaşmasını hədəfləyir”.
Metbuat.az-ın məlumatına görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Siyasi analitik hesab edir ki, Qəzzada HƏMAS-a qarşı İsrailin apardığı hərbi əməliyyat ABŞ tərəfindən koordinasiya olunur. M.Əsədullazadə onu da vurğuladı ki,vəziyyətdən narahat olan İran, Çin və Rusiya bunun qarşısını almaqda israrlıdır:
“HƏMAS Yaxın Şərqdə digər proksi qüvvələrdən fərqli olaraq müstəqil qərar vermə mövqeyinə və müəyyən dərəcədə hakimiyyətə malikdir. Qeyd edim ki, müharibədən əvvəl HƏMAS-la danışıqlar olub və Qəzzanı təhvil verməyi və silahı yerə qoymağı tələb olunub. Qətərdə və Misirdə ABŞ kəşfiyyatı ilə HƏMAS rəsmiləri arasında danışıqlar aparıb. Nəticə etibarilə HƏMAS öz mübarizəsindən geri çəkilməyəcəyini vurğulayıb. Bu məlum hücumdan Vaşinqton və İsrail kəşfiyyatı məlumatlı olub. ABŞ əsas strateji planı Qəzzadan HƏMAS-I çıxarıb İsrail sahillərini tam təhlükəsiz vəziyyətinə gətirməkdir”.
M.Əsədullazadə qeyd etdi ki, bundan sonra, "İbrahim" sazişi və Hindistanla İsraili birləşdirən "Baharat" dəhlizinin açılmasını təmin etməkdir:
“HƏMAS-dan sonra növbə Hizbullahındı. Düşünürəm ki, Hizbullah Livan təhlükəsizlik qüvvələrinə inteqrasiya olunmalı yaxud silahlı yerə qoyub, svil qaydada siyasətlə məşğul olmalıdır”.
Gülbəniz Hüseynli / Metbuat.az