22 Dekabr 2023 11:30
İsrailin Qəzzaya hücumları davam edərkən İran mediasında diqqətçəkən məqalə dərc edilib.
Metbuat.az xəbər verir ki, məqalədə deyilir ki, İran İsraildən kəşfiyyat məlumatı almaq üçün xüsusi təlim keçmiş qadınlardan istifadə etməyə başlayıb. İran bu məqsədlə gənc və gözəl qadınları hərəkətə keçirib. İddialara görə, bu qadınlar müxtəlif platformalarda İsrail əsgərləri ilə ünsiyyət qururlar. İran İnqilabi Keşikçiləri Korpusunun xüsusi olaraq gənc və gözəl qadınlara təlim keçdiyi və bu qadınların sosial media vasitəsilə İsrail ordusunun üzvlərindən məlumat aldığı bildirilib. Xəbərdə həmin qadınların kimliyi, paylaşdıqları foto və videolar dərc olunub.
İran İnqilabi Keşikçiləri Korpusu tərəfindən xüsusi təlim keçmiş qadınların əldə etdikləri məlumatları HƏMAS-a ötürdüyü də iddia edilib. “İran İnternational”da yayımlanan xəbərdə deyilir: "İran İnqilab Keşikçiləri ikiüzlüdür. Onlar öz ölkələrində gənc qadınları əxlaqsızlıqda ittiham edib cəzalandırarkən, sosial mediada kişiləri şirnikləndirmək üçün də iranlı qadınlardan istifadə edirlər".
İran İnqilabi Keşikçiləri Korpusunun xüsusilə ivrit dilini bilən qadınlara təlim keçdiyi bildirilərkən, bu əməliyyatın İranın Məşhəd şəhərindən idarə edildiyi də bildirilib. Mediada yer alan xəbərlərdə azı 22 saxta profilin yaradıldığı qeyd edilib. Onların arasında “Olqa Or” ləqəbindən istifadə edən Samirə Tarşizinin, Hania Rafaarianın olduğu qeyd edilib. Həmin qadınların israilli kişilərlə romantik münasibət qurmağa çalışdıqları, fotoşəkillər, yazışmalar və videolarla əlaqə saxladıqları qeyd edilib.