26 Dekabr 2023 11:32
İran İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı komandirlərindən olan Razi Musəvinin İsrailin Dəməşq yaxınlığındakı hücumunda öldürüldüyü açıqlanıb.
Metbuat.az xəbər verir ki, İsrailin hücumunda ölən Musəvinin Suriyada “hərbi məsləhətçi” vəzifəsində çalışdığı bildirilib. “Təsnim” xəbər agentliyinin məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusunun açıqlamasında İranın Suriyadakı komandirlərindən Musəvinin İsrailin Dəməşq yaxınlığında həyata keçirdiyi raket hücumunda öldüyü bildirilib. Bəyanatda deyilir ki, İsrail bu cinayətin əvəzini mütləq ödəyəcək. İran Prezidenti İbrahim Rəisi də Suriyada həlak olan iranlı komandir üçün başsağlığı verib. Rəis mesajında "Bu hərəkət, şübhəsiz ki, bölgədəki qəsbkar sionistlərin məyusluğunun və acizliyinin başqa bir göstəricisidir.
Onlar bu cinayətin əvəzini mütləq ödəyəcəklər" deyə bildirib. İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri öldürülən iranlı komandirin səfirlikdə vəzifə yerinə yetirən diplomat olduğunu bildirib. Musəvinin səfirlik binasında olduğu və daha sonra Zeynəbiyə rayonundakı evinə getdiyi bildirilir. Onu evi İsrailin raket hücumuna məruz qalıb. İran səfiri Musəvinin həyat yoldaşının müəllim olduğu və həmin vaxt evdə olmadığı bildirilib.