METBUAT.AZ

Ölkə

Köhnə "Xruşşovka", yoxsa yeni tikililər zəlzələyə davamlıdır?

8 Dekabr 2023 13:15

“Ölkədə 1970-ci illərdən sonra inşa olunmuş binaların çoxunun istismar müddəti bitsə də, onlar hələ də yaşayış üçün istifadə olunur”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. Ekspert bildirib ki, həmin binaların istifadə müddəti bitəndən sonra zəlzələyə davamlılıq məsələsi sual altında qalıb:


“Fövqəladə Hallar Nazirliyi tərəfindən birinci mikrorayon ərazisində inşa olunmuş 38-ə yaxın binaya qismən təhlükəli olması ilə bağlı rəy verilib. Məsələ ilə bağlı Nazirlər Kabinetinin 83 saylı qərarında da həmin yaşayış ərazisinin yenilənməsi ilə bağlı proses başlanılması əks olunub. Lakin 2017-ci ilin aprel ayından bu günə kimi o binalarda işlər dayanıbdır. Qərara əsasən, Bakı şəhərinin digər ərazisində istismar müddəti bitmiş binaların yenilənməsi ilə bağlı pilot layihə həyata keçirilməli olsa da, bu barədə işlərə başlanılmayıb”.

Hazırda yeni tikili binaların zəlzələyə davamlılıq məsələsi də ciddi narahatlıq yaradır.

Bu barədə suala cavab verən ekspert vurğuladı ki, həmin binalara FHN tərəfindən nəzarət mexanizmi var:

“2006-cı ildən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni tikilən binalara baxış keçirilir. İstismara yararlı qəbul olunmuş binaların hamısı eyni qaydada doqquz bal zəlzələ üçün dayanıqlıdır. Həmin binaları riskli hesab etmirəm”.

Elnur Azadov onu da qeyd etdi ki, ölkədəistismarı qəbul olunmamış 67 bina var.

“Bu binalar 1970-ci ildə inşa edilib. Qismən qəzalı vəziyyətdə olan, istismarmüddəti bitmiş həmin binaların bəziləri Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydiyyata alınıb. Geridə qalan, monitorinq aparılmayan digər bütün yaşayış komplekslərinin zəlzələyə davamlı olub -olmaması barədə rəsmi məlumat yoxdur”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.