12 Dekabr 2023 16:11
"Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyev məhkəmədə əvvəllər narkotikdən istifadə etdiyini etiraf edib.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan baxış iclasında özünü təqsirli bilməyib.
Prokuror Orxan Kəngərlinin elan etdiyi ittiham aktına əsasən, təqsirləndirilən şəxs 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 32.3, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Şirvan Apellyasiya Məhkəməsinin 2017-ci il qərarı ilə cəzası 8, Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il qərarı ilə cəzası 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilib.
Onun məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada götürülmədən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 145 saylı ünvanın qarşısına daşıyıb.
Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Mshir Qonşuyev Mahir bu ilin iyununda paytaxtın Binəqədi rayonunda saxlanılıb.
O, baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı cibindən 1 ədəd bükümdə külli miqdarda 3,818 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.
Məhkəmədə ifadə verən M.Qonşuyev ona qarşı elan edilən ittihamla özünü təqsirli bilməyib: "Əvvəllər narkotikdən istifadə etmişəm, lakin həbs olunandan sonra bu pis vərdişlərdən uzaq durmuşam. Həbs olunmamışdan qabaq məni bir neçə dəfə polis idarəsinə dəvət edib profilaktik söhbətlər aparılmışdı. Məndən kriminal və pis vərdişlərə səsləyən mahnı və meyxanaları oxumamağım tələb olunmuşdu.
İyunun 6-sı "Hollivud" restoranına məclisə dəvət edildim. Prodüserim Kamil Mirzəliyev də yanımda idi. Liftdən çıxanda hər ikimizi saxlayıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Prodüserimin ifadəsi alınandan sonra sərbəst buraxıldı”.
Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.
Qeyd edək ki meyxanaçı saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin, onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən olunub.
Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.