METBUAT.AZ

Siyasət

Milli Məclisin xərcləri

1 Dekabr 2023 11:52

Milli Məclisin xərcləri artırılır.

Metbuat.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, büdcə zərfində inzibati təsnifata uyğun olaraq bir sıra dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Nazir bildirib ki, bunlar deputatlar tərəfindən qaldırılan məsələlərə bağlıdır: “Bu, əsasən təhsil sahəsindəki problemlərlə bağlı məsələlərə aiddir. Ali təhsil və məktəbəqədər ümumi təhsil üzrə dövlət agentliklərinə vəsait yönəldiləcək. Bu xərclər Elm və Təhsil Nazirliyinin aparatının saxlanması xərclərinin 15 milyon manat azaldılması hesabına ayrılacaq. Aparatın xərcləri azaldılacaq və nazirliyin tabeliyində olan agentliyə bu vəsait yönəldiləcək. Müvafiq olaraq büdcədə ehtiyat kimi yaradılmış vəsait hesabına bunu tənzimləyə bilirik. Dövlət Su Agentliyinin və Suların İstifadəsinə Nəzarət Xidmətinin aparatının saxlanması üçün tələb olunan 5,9 və 3,6 milyon vəsait də təmin ediləcək. Bunlar da əlavə xərcə getmədən ehtiyat kimi yaradılmış vəsait hesabına təmin ediləcək. Milli Məclisin də 2024-cü il üzrə xərclərinin 252, 5 min manat artırılması nəzərdə tutulub”.

Qeyd edək ki, qeyd olunan xərc istiqamətləri üzrə dəyişikliklərdən sonra gələn il üçün dövlət büdcəsinin ümumi gəlir və xərcləri dəyişməyəcək. Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763000,0 min manat olacaq.


metbuat.az.