METBUAT.AZ

Siyasət

O’Brayeni Azərbaycana gətirən SƏBƏB:

6 Dekabr 2023 16:20

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen Azərbaycana səfər edəcək.

O,Brayeni Bakıya gətirən səbəblər barədə Metbuat.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə ABŞ-nin dövlət katibi Entoni Blinken arasında keçirilən telefon danışığı zamanı bu razılıq əldə olunub:


“Cənab prezident ABŞ rəsmisi ilə telefon danışığı zamanı öz şərtini də irəli sürərək bildirib ki, Azərbaycan rəsmiləri də Birləşmiş Ştatlara səfər edə biləcəklər. Yəni belə bir əngəl aradan qaldırılacaq. Blinkin də bununla razılaşdı. Qeyd edim ki, bu dialoq onu deməyə əsas verir ki, artıq ənənəvi alışdığımız press-reliz yoxdur və qarşılıqlı tələblər ön plana çəkilib.

O’Brayenin bu səfərindəki portfelində istəkləri və məqsədləri var.Rəsmi Bakı buna ciddi hazırlaşmalıdır. Hazırda Rusiyanın maraqlarını regiondan sıxışdırıb çıxartmaq ABŞ-nin əsas geosiyasi prioritetlərindəndir. Bu da özünü Rusiya Ukrayna müharibəsi fonunda bütün postsovet məkanında göstərir”.

Ceyms O’Brayenin səfər planlarına Azərbaycanı sülh danışıqlarının Qərb platformalarında aparılmasına razı salmaq barədə yaranmış fikirlərə münasibət bildirən politoloq hesab edir ki, Ermənistanın maraqları hesabına bunu etmək yolverilməzdir:

“Cənubi Qafqazda əsas geosiyasi oyunçu Azərbaycandır. Öz enerji resursları uyğun geostrateji yerləşməsi ilə Azərbaycan Cənubi Qafqazda əsas ölkədir.Təbii ki, bütün bu amilləri ABŞ nəzərə almalıdır. ABŞ ermənipərəst mövqe sərgiləməklə özünü proseslərdən kənarlaşdırır və vasitəçilik missiyası da dalana dirənir. Vaşinqton əgər neytral vasitəçi kimi özünü göstərməyə çalışırsa, erməni lobbisinin digər hansısa maraqlı tərəflərin sifarişlərinə təlimatlarına qulaq asmamalıdır. Bir sözlə O’Brayen ritorikasını dəyişməlidir”.

İlyas Hüseynov hesab edir ki, Entoni Blinken davranışlarında və çıxışlarında Azərbaycanın maraqlarına zərbə vuracaq, hər hansısa epitetlərə yol verməməlidir.

“Yaxşı olardı ki, ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri işğaldan azad olunmuş ərazilərə xüsusilə mədəniyyət paytaxtımız Şuşaya səfər etsin. Bununla Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunacaq. Bu səfər hazırkı dönəmdə kritik əhəmiyyət kəsb edir. Bununla Bakı ilə Vaşinqton arasında münasibətlər yeni keyfiyyət müstəvisinə daxil ola bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.