18 Dekabr 2023 20:59
“İşğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı dəfələrlə tələ minalara, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinməsi faktı Ermənistanın azərbaycanlılara qarşı terror siyasətini bir daha təsdiq edir”.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Xocavənddə yerləşən məktəbdə partlayıcı tələ qurğusunun aşkarlanması ilə bağlı şərhində bildirilib.
“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Xocavənd rayonu Yemişcan kəndi ərazisində yerləşən məktəbdə həyata keçirilən əməliyyatlar zamanı sinif otaqlarının birində yazı masasına yapışqan lent vasitəsilə quraşdırılmış F-1 əl qumbarası aşkarlanıb. Bununla yanaşı, daha böyük partlayışın törədilməsi üçün 1 ədəd F-1 əl qumbarası yazı masasının altına da yerləşdirilib.
Döyüş vəziyyətinə gətirilərək kəndir vasitəsilə stula və qapının tutacağına bərkidilmiş həmin tələ qurğusunun təhsil ocağında yerləşdirilməsi terrorun məhz mülki əhaliyə qarşı yönəldiyini göstərir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, Ermənistanın dinc əhalinin fundamental insan hüquq və azadlıqlarının kobud pozulması ilə müşayiət olunan cinayət əməllərini şiddətlə qınayır, beynəlxalq təşkilatları bu kimi əməllərə sərt reaksiya verməyə dəvət edirəm”, - ombudsman qeyd edib.