METBUAT.AZ

Ölkə

Pandemiyada yazılan cərimələr nə vaxt SİLİNƏCƏK? –

11 Dekabr 2023 16:09

Azərbaycanda 2020-ci ilin martından koronavirus səbəbilə elan edilən xüsusi karantin rejimi aprel ayının 2-dək davam edəcək. Həmin tarixdən sonra karantin rejiminin uzadılması hələlik məlum deyil. Rejim tam ləğv edilməsə də, infeksiyanın çox yayıldığı zaman xeyli sayda insanın cərimələnməsinə səbəb olan maska və digər qadağalar götürülüb.

Metbuat.az xəbər verir ki, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə keçirilən tədbirlər zamanı qaydalara uymayan vətəndaşlar cərimələnib. Lakin ümumilikdə nə qədər insanın cərimələndiyi, nə qədərinin cəriməni ödədiyi və borclu qaldığı haqqında statistika yoxdur.

Rəqəmlər məlum olmasa belə hələ də sosial şəbəkələrdə cərimələrin ləğvi, məbləği barədə müzakirələr gedir.

Cərimə olunan və bunu ödəməyənlər cərimənin hansı halda silinməsinin mümkünlüyü ilə bağlı suallara cavab axtarırlar. Xüsusilə, qonşu ölkələr, Gürcüstan və Türkiyə cərimələrin ləğvi və ödənilən cərimələrin məbləğinin geri qaytarılması haqqında qərar qəbul etdikdən sonra ölkədə buna ümid edənlərin sayı artıb.

Maskasız, sms icazə olmadan çölə çıxanların cərimələri hansı halda bağışlana bilər? Cəriməni ödəyənlərin ödədiyi məbləğ geri qaytarıla bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan deputat Razi Nurullayev cərimələrin ləğvinin tərəfdarıdır:

“Buna hökumət, Milli Məclis səviyyəsində qərar verilə bilər. Gürcüstanda bu məsələ qaldırıldı və parlament səviyyəsində həll olundu. Hesab edirəm ki, Azərbaycanda da məsələyə diqqətlə yanaşılmalı və həll olunmalıdır.

Doğrudur, o vaxt kimlərsə cərimə olundu, amma dövlətin məqsədi insanları cərimələmək, insanların cibinə girmək deyildi. Məqsəd insanları məsuliyyətli olmağa dəvət etmək idi. Bu baxımdan düşünürəm ki, bu cərimələr ləğv olunmalıdır. Bunun necə olacağını deyə bilmərəm. Amma bu məsələnin ciddi şəkildə həllinin tərəfdarıyam”.

Milli Məclisin üzvü cərimələrin geri qaytarılmasında Türkiyə təcrübəsindən istifadə edilməsini doğru hesab edir:

“Cərimələrin geri qaytarılması ilə bağlı Türkiyədə təcrübə varsa və ölkəmizdə də bu həyata keçirilərsə, təbii ki, vətəndaşlarımız çox razı qalar. Mən istəyərdim ki, olsun. Nə qədər mümkündür, mümkün deyil, gərək bununla bağlı əlaqədar orqanlar qərar versin. Amma niyə mümkün deyil ki? Həyatda mümkün olmayan nəsə varmı?!

Hər şey mümkündür. Ən azından hələki ödənilməyən cərimələrin ləğv olunması ilə bağlı bir qərar lazımdır. Kimlərsə də ödəyibsə, onlara haqsızlıq olmasın deyə, həmin şəxslərin cərimələrinin geri qaytarılması gözəl bir addım olar”.


metbuat.az.