METBUAT.AZ

Siyasət

Polad Bülbüloğlu Britaniyanın Rusiyadakı səfiri ilə görüşüb

1 Dekabr 2023 17:18

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Böyük Britaniyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Naydjel Keysini qəbul edib.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı Azərbaycanın Səfiri Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti, Rusiya XİN-i ilə birgə təşkil edilən görüşlər və mədəni tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb.

Polad Bülbüloğlu erməni əhalisinin könüllü köçməsinə Azərbaycan tərəfinin humanitar yardımı barədə danışaraq, beynəlxalq təşkilatların nümayəndələri təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyini vurğulayıb və ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyətin Ermənistan və onun nəzarəti altında olan separatçı rejimin üzərinə düşdüyünü qeyd edib.

Bununla yanaşı səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Xankəndi şəhərində “Qarabağ universiteti”nin təsis edildiyini xüsusilə vurğulayıb.

Görüş zamanı Azərbaycan və Britaniya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Böyük Britaniyanın səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Görüşün sonunda səfir Naydjel Keysiyə Heydər Əliyev Fondu tərəfindən çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.


metbuat.az.