METBUAT.AZ

Siyasət

Prezident könüllülərin xaricdəki fəaliyyətinə xüsusi vurğu etdi -

14 Dekabr 2023 19:03

Kənan Qubadzadə: “Bu gün Azərbaycan könüllüləri tək ölkə daxilində deyil, xarici ölkələrdə də humanitar fəaliyyətlə məşğul olur”

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Könüllülük Həftəsi 2023”ün həmrəylik forumu keçirilib. Forumda Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub.

Müraciətdə bir sıra məsələlərə toxunulub. O cümlədən qeyd edilib ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar: “Artıq onların, həmçinin, ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır”.

Maraqlıdır, könüllülər ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində nə kimi işlər görür?

“Fevralda Türkiyəyə yollanan gənclər “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb”

Gənclər Mərkəzi ictimai birliyinin sədri Kənan Qubadzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, könüllülük hərəkatının əsasını ölkə başçısı İlham Əliyev qoyub: “Ümumiyyətlə deyim ki, könüllülük hadisəsinə istər Azərbaycan xalqının tarixində, istərsə də adət - ənənələrində tez-tez rast gəlirik. Könüllülük mərhəmət, əliaçıqlıq, ədalət hissi deməkdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. XXI əsr də ölkəmizin könüllülük həyatında dərin izlər buraxmaqdadır. Çoxsaylı dövlət, özəl, ictimai təşkilat öz fəaliyyətilə könüllülük prinsiplərini qoruduğunu göstərir və hətta beynəlxalq miqyasda xeyriyyəçilik ənənələrimizi nümayiş etdirirlər”.

Həmsöhbətimiz bildirdi ki, bu gün Azərbaycan könüllüləri tək ölkə daxilində deyil, xarici ölkələrdə də humanitar fəaliyyətlə məşğul olur: “Xatırladım ki, bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələ zamanı Azərbaycan gəncləri də təbii fəlakətin baş verdiyi ərazilərə yollanaraq, zərərçəkənlərə müxtəlif xidmətlərin göstərilməsi məqsədilə könüllü şəkildə qardaşlıq borcunu yerinə yetirdilər. Könüllülərimiz ənənəvi olaraq müxtəlif məntəqələrdə qida, geyim, dərman və digər yardımların boşaldılması, çeşidlənməsi və paylanmasını həyata keçirib. Eyni zamanda, azərbaycanlı gənclər zərərçəkmiş şəxslərə səyyar şəkildə isti içkilər təqdim edib, müxtəlif məhəllələrdə səyyar yardım paylanılmasında, eləcə də iki kəndə səyyar yardım daşınmasında fəal iştirak ediblər. Prezident İlham Əliyevin çağırışı ilə 10 fevral tarixində Türkiyəyə yollanan gənclərin “Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq həyata keçirdikləri fəaliyyətlər Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada xarici ölkədə humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb. Onu da deyim ki, Türkiyə rəsmiləri könüllülərimizin Kahramanmaraşdakı düşərgəsinə baş çəkib, Azərbaycan könüllülərinə təşəkkürünü bildirib”.

K.Qubadzadə hesab edir ki, könüllülük fəaliyyətinin əsas üstünlüklərindən biri də odur ki, gənclərdə təsəvvürlərin düzgün formalaşmasına və sağlam düşünmələrinə yardım edir.


metbuat.az.