7 Dekabr 2023 14:02
Xəbər verdiyimiz kimi, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Bir sözlə Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə isə seçkilər 1 il 2 ay müddətinə qabağa çəkildi.
Metbuat.az-ın xəbərinə görə, Sərəncamla Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Hazırda bir çoxlarını maraqlandıran suallardan biri də seçkilərin məhz iki ay sonra keçirilmə səbəbi ilə bağlıdır.
Bu barədə politoloq Azər Qasımov Metbuat.az-a açıqlama verərək bildirdi ki, növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə sərəncam gözlənilməz oldu:
“Gələn il Azərbaycanla münasibətdə xüsusi əhəmiyyət kəsb edənbir sıra ölkələrdə də prezident seçkiləri olacaq. Beynəlxalq aləmdə əlverişli durum formalaşdığı üçün hesab edirəm ki, seçkilərin bir il qabağa çəkilməsi məntiqlə normaldır. Dünyada gözlənilən qlobal dəyişikliklər fonunda hadisələrin gələcəkdə hansı istiqamətdə gədəcəyinin bəlli olmadığı üçün nisbi sakitlik şəraitində Azərbaycan xalqının öz prezidentinə olan inamını yeniləmək istəməsi doğru hesablama ola bilər.
Hesab edirəm ki, növbədənkənar seçkinin təyin edilməsi məhz beynəlxalq məsələlərdə növbəti illərin gərgin keçəcəyi proqnozlarına əsasən baş verib. Bu da 2031-ci ilə kimi Azərbaycan öz mövqeyində qəti dayanmağı üçün əsas təşkil edir".
Qeyd edək ki, 2024-cü ilin martında Rusiya da, noyabrda ABŞ -da seçkilər keçiriləcək. Prezident seçkilərindən sonra növbəti ölkədə referendum və parlament seçkiləri olacaq.
Gülbəniz Hüseynli / Metbuat.az