6 Dekabr 2023 13:18
Nigeriya Quru Qoşunlarının komandanı Taoreed Lagbaja dekabrın 3-də Kaduna əyalətinin Tudun Biri kəndində 85 mülki şəxsin ölümünə səbəb olan hücuma görə üzr istəyib.
Metbuat.az xəbər verir ki, hadisənin baş verdiyi kəndə baş çəkən Lagbaja açıqlamasında ordunun PUA hücumunu “səhv hadisə” kimi qiymətləndirib. Kənd sakinlərindən üzr istəyən Lagbaja hərbi əməliyyatlar zamanı belə bir hadisənin təkrarlanmaması üçün tədbir görəcəyini vəd edib.
Qeyd edək ki, kənd sakinləri Mövlud proqramına toplaşarkən, PUA Tudun Biri kəndini bombalayıb. Hadisədə əksəriyyəti qadın və uşaq olmaqla 85 nəfər həyatını itirib, 50-dən çox insan isə yaralanıb. Kaduna əyalətinin daxili təhlükəsizlik və daxili işlər üzrə komissarı Samuel Aruvan, ordunun ştatda terrorçulara qarşı əməliyyat zamanı səhvən kəndi bombaladığını qeyd edib.