METBUAT.AZ

Qarabağ

Qarabağın enerji potensialı:

26 Dekabr 2023 11:56


“Qarabağın cənub hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları düşən günəş şüalarının həcminə görə, Naxçıvan MR-dan sonra ikinci yeri tutur. Hesablamalara əsasən, bir kvadrat metr səthə düşən günəş radiasiyasının həcmi ildə 1 600-1 700 kilovatt/saat təşkil edir. Ümumilikdə Qarabağın günəş enerjisi potensialı 3 000-4 000 meqavatta bərabərdir.

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” 10 min kvadrat kilometr ərazini əhatə edir. Yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan bölgə 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı isə Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur.

Bildiyiniz kimi, Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi, ekoloji təmiz, səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki, azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Hesab edirəm ki, bu sahəyə daha çox investorların marağı cəlb edilərsə bu Qarabağda məşğulluğun artmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Araşdırmalara və mütəxəssislərin qənaətinə görə, gələcəkdə istehsal edilən alternativ enerji Zəngəzur dəhlizi vasitəsilə Türkiyəyə, oradan isə Avropaya nəql ediləcək.

Bəs dünyada bu proses necə həyata keçirilir?

Bu suala cavab olaraq Murad Calalov bildirdi ki, 2018-ci ildə dünyada alternativ enerjinin quraşdırılmış gücü 2.501 giqavat olub:

“Hesablamalara əsasən, 2024-cü ildə günəş enerjisinin istehsal gücünün 3 dəfədən də çox artaraq 1.195 giqavat-a, külək enerjisinin də istehsal gücünün 1.411 giqavat-a çatacağı gözlənilir. Dünyada beş ildən sonra ən çox alternativ enerji Çində (1.219 giqavat), daha sonra ABŞ-da istehsal olunacaq. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə,bərpa olunan enerjinin kömürü keçərək 2025-ci ilədək dünyanın ən böyük elektrik enerjisi mənbəyi ola bilər. Bu da təqribən dünyanın üçdə birini təmin edəcək qədər gücə malikdir.
Əgər bu sahə ölkəmizdə kifayət qədər genişləndirilərsə, ixracı da daxil olmaqla gələn gəlir ölkə iqtisadiyyatında nəzərə çarpacaq qədər təsirli olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.