METBUAT.AZ

Siyasət

“Qarşıdakı seçkilər suverenliyimizin təntənəsi kimi yadda qalacaq”

8 Dekabr 2023 11:36

“Hazırda ölkədə Prezident İlham Əliyevlə seçkilərdə ciddi rəqabət apara biləcək siyasi xadim yoxdur. Azərbaycan 30 illik işğaldan sonra torpaqlarını azad edib. İlham Əliyevin qalib dövlətin Ali Baş Komandanı kimi yüksək reytinqi var”.

Metbuat.az-ın məlumatına görə, bu fikirləri politoloq İlyas Hüseynov bildirib. Politoloq deyir ki, seçkilərdə bir neçə namizəd olsa da, onların qalib gəlmək şansları xeyli azdır:

“İctimaiyyət arasında növbədənkənar parlament seçkiləri və ya Konstitusiya dəyişikliklərinə dair məlumatlar yayılsa da, növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı addım atıldı. Seçkilərin qəfil və gözlənilmədən elan edilməsi 2020-ci il parlament seçkilərini xatırladır. 2019-cu ilin dekabrında Prezident İlham Əliyev gözlənilmədən növbədənkənar parlament seçkilərinin 2020-ci ilin fevralında, yəni nəzərdə tutulduğundan 9 ay tez keçiriləcəyini elan etdi.

Sözügedən növbədənkənar Prezident seçkilərinin regional proseslərlə əlaqəsinin olub-olmadığını indi dəqiq proqnozlaşdırmaq çətindir. Qarşıdan gələn illərin regionda və bütün dünyada daha stresli və çətin olacağını qeyd edə bilərik”.

İlyas Hüseynov hesab edir ki, İlham Əliyev bu addımı 2025-ci ildə iki mürəkkəb tədbir - eyni ildə prezident və parlament seçkiləri keçirməmək üçün atıb:

“Gələn il həm də ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Böyük ehtimalla, gələn ilin payızında parlament seçkiləri də olan olunacaq. Qeyd edək ki, Azərbaycanda 2016-cı ildə keçirilmiş referendumun nəticələrinə görə, prezident seçkiləri 7 ildən bir keçirilir. Bu dəyişiklikdən sonra hazırkı dövlət başçısı İlham Əliyev 2018-ci ilin aprelində Prezident seçilib. Azərbaycan Konstitusiyasında prezident seçkilərində iştirakla bağlı heç bir məhdudiyyət yoxdur, ona görə də cənab Prezident İlham Əliyev yenidən respublika Prezidenti postuna namizədliyini irəli sürə bilər”.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin xalqımızın qarşısında duran ən mühüm probleminin həlli üçün əlindən gələni etdiyini vurğulayan politoloq qeyd etdi ki, prezident seçildikdən cəmi iki il sonra ölkəmizin müasir tarixinin ən şanlı səhifəsi yazılmağa başladı:

“2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. 2023-cü il sentyabrın 20-də lokal xarakterli antiterror tədbirləri isə ərazi bütövlüyümüzün, konstitusion quruluşumuzun və suverenliyimizin tam bərpası prosesini tamamladı.

Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdı, əməkdaşlıq üçün daha münbit şərait formalaşdırdı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təntənəsi kimi yadda qalacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.