METBUAT.AZ

Siyasət

"Qazaxın 7 və Naxçıvanın Kərki kəndi mütləq azad edilməlidir" -

1 Dekabr 2023 11:55

Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanata əsasən 30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında delimitasiya üzrə dövlət komissiyasının görüşü baş tutub.

Qazax rayonu ilə sərhəd ərazidə tərəflər arasında baş tutan görüşdə delimitasiya məsələlərinin müzakirəsi davam etdirilərək, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçirilib.

Sayca beşinci olan bu görüşün detalları barədə Metbuat.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, burada əsas qeyd olunası məqam sülhə gedən yolda müəyyən nüansların nəzərə alınmasıdır:

“Burada da bir sıra problemlər var. Ermənistan cəhd edir ki, delimitasiyanı 1991-ci il, Almatı deklarasiyasına uyğun reallaşdırsın. Bunun üçün onlar 1974 və 1990-cı illərin SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahın xəritələrindən istifadə etməyə çalışırlar. Ümumiyyətlə, sərhədlər, həmçinin xəritələrlə bağlı fikir ayrılığı var. Əsas məqam odur ki, Azərbaycana aid olan Qazaxın 7 və Naxçıvanın Kərki kəndi azad edilməlidir. Çünki ermənilər bu kəndləri öz torpaqları kimi qələmə vermək istəyir".

Delimitasiya və demarkasiya ilə bağlı görüşlərin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün açılan perspektiv olduğunu vurğulayan millət vəkili qeyd etdi ki, Ermənistan bilməlidir ki, Azərbaycanın daxili və xarici siyasəti dönməzdir.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.