26 Dekabr 2023 11:43
Qazaxıstan ordusu Türkiyə müdafiə sənayesi kompleksində hazırlanan ANKA-S pilotsuz uçuş aparatının sınaqlarına başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, sınaqlardan uğurla çıxarsa Türkiyənin ANKA-S pilotsuz uçuş aparatı Qazaxıstan ordusunun arsenalına daxil ediləcək. Təlim Mərkəzinin rəhbəri Şokan Musabekov ANKA-S-nin uçuşlarının ilk dəfə olaraq Qazaxıstan hərbçilərinin nəzarəti altında həyata keçirildiyini bildirib.
Musabekov qeyd edib ki, hərbi sınaq uğurla başa çatarsa, ANKA-S Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin donanmasına daxil ediləcək. Qanadları 18 metrə qədər çatan ANKA-S-nin uçuş sürətinin 120 ilə 270 kilometr arasında dəyişdiyini bildirən Musabekov, PUA-nın səmada 27 saata qədər fasiləsiz işləyə bildiyini bildirib.