26 Dekabr 2023 12:51
Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridir.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatında qeyd edilib.
Bildirilib ki, işğalın ağır nəticələrinə baxmayaraq, məhz Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh və sabitliyin bərqərar olması, beynəlxalq hüququn beş prinsipi, o cümlədən dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında Ermənistanla münasibətlərin normallaşdırılması təşəbbüsü ilə çıxış etmişdir. Təəssüf ki, Ermənistanın son 3 il ərzində törətdiyi hərbi-siyasi təxribatlar sülh danışıqlarına mane olmuş və bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etmişdir.
"Azərbaycanın suverenliyi onun bütün ərazisində bərqərar edildikdən sonra Ermənistanla sülh sazişinin bağlanması üçün artıq heç bir maneə qalmamışdır. Bu il dekabrın 7-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Ermənistan Respublikası Baş naziri Aparatının qəbul etdikləri Birgə Bəyanat iki dövlət arasında etimad yaradılması yolunda mühüm irəliləyiş olmuşdur.
Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələri Azərbaycan Respublikası Prezidentinin regionda möhkəm sülh və sabitlik yaradılması və əməkdaşlıq əlaqələri qurulması istiqamətində təşəbbüs və səylərini qətiyyətlə dəstəkləyirlər. İcma nümayəndələri hesab edirlər ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıtması hüququnun tanınması Azərbaycanla Ermənistan arasında etimad quruculuğunun mühüm vasitələrindən biridir. Bu, iki dövlət arasında real barışığın əldə edilməsinə və regionda birgəyaşayış mühitinin yaradılmasına yönələn önəmli addım olacaqdır", - bəyanatda vurğulanıb.