11 Dekabr 2023 14:09
“44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilərin keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”.
Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Millət vəkili bildirdi ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti Prezident seçkilərinin keçirilməsi ilə növbədənkənar Prezident seçkilərinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir:
“Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir”.
Növbədənkənar seçkilərin keçirilməsinə dair qərarın ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınmasıprosesinin tamamlanmasından sonra qəbul olunduğunu qeyd edən Cavid Osmanov hesab edir ki, bununlada seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb:
“Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı əslində universal fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Əslində isə siyasi acizliyin və məğlubiyyətin etirafıdır. “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olmuşdur. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir”.
Deputatın sözlərinə görə, keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri də adlandırmaq olar:
“Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”.
Gülbəniz Hüseynli / Metbuat.az