22 Dekabr 2023 14:52
Rusiya əhəmiyyətli səylərə baxmayaraq, artıq Ukraynada hərbi məqsədlərinə nail ola bilmir.
Metbuat.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenbq “Spiegel” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Rusiyanın müharibədəki məqsədi Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) daxil olmasının qarşısını almaq olub: “Üstəlik, demək olar ki, 2 illik müharibədən sonra Ukrayna indi NATO və Aİ-yə əvvəlkindən daha yaxındır. Rusiya müharibəyə ciddi maliyyə sərf edir. Belə ki, ölkə artıq yüzlərlə təyyarə və minlərlə tank itirib. 300 mindən çox əsgər ölüb və ya yaralanıb. Bundan əlavə, müharibə nəticəsində inflyasiya artdı, həyat səviyyəsi aşağı düşdü. Rusiya siyasi cəhətdən əvvəlkindən daha çox təcrid olunub”.
Y.Stoltenberq söyləyib ki, müharibə yaxın vaxtda başa çatmayacaq: “Rusiyanın öz məqsədlərini və siyasətini dəyişəcəyinə dair heç bir işarə yoxdur. Rusiya daha çox ərazi işğal etməyə davam edəcək”.
Onun fikrincə, bu, o deməkdir ki, NATO və ona üzv olan 31 ölkə Ukraynaya güclü dəstəyi davam etdirməlidir: “Ukrayna NATO-dan dəstək alanda özünü müdafiə edə biləcəyini nümayiş etdirdi”.