15 Dekabr 2023 15:47
Bu həftənin sonundan Rusiya Azərbaycandan toyuq yumurtası idxal etməyə başlayır. Məqsəd ölkədə artan yumurta qiymətlərini sabitləşdirməkdir. Rusiya bazarına Azərbaycandan yumurta ixracının ölkəmizdə bu məhsulun qiymətinin artacağı ilə bağlı narahatlıqlar yaranıb.
Bu barədə Metbuat.az-a açıqlama verən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirdi ki, qiymətlərin qalxması ilə bağlı fikirlər doğru deyil:
“Ölkədə kifayət qədər rəqabət apara bilən, süfrə yumurtası istehsal edən müəssisələr var ki, satış artdıqca onlar da iş gücünü artırırlar. Yumurta istehsalı ilə məşğul olan müəssisələrimiz yaxın 3 ayda istehsal güclərini 15-20% artıracaqlar. Yerli bazarda tələbi üstləyəcək qədər yumurta olacaq. Ona görə qiymətin qalxmasını gözləmirəm. Ola bilsin ki, bir qəpik artıb və azala bilər, amma 10 - 15qəpik civarında qalxma ehtimalı yoxdur”.
Beş ildir ki, Rusiyaya yumurta ixracı barədə müraciətlər etdiklərini deyən Assosiasiyasının sədri vurğuladı ki, hazırda Rusiya bazarında yumurta qıtlığının yaranması səbəbindən onlar bu imkanı əldə etməyə müvəffəq olublar:
“Rusiyanın Azərbaycandan yumurta istəməsi quşçuluq müəssisələrimiz üçün göydəndüşmə bir şans kimi qiymətləndirilir. Biz çalışırdıq ki, Rusiya Azərbaycanın yumurta istehsal edən quşçuluq müəssisələrini reyestrə daxil etsin və bu ölkəyə yumurta ixrac edək. Son vaxtlar Rusiyada yumurta qiymətləri artdıqdan sonra onlar bizim 6 müəssisəni reyestrdə qeydiyyata aldı. Onlar "Giləzi Quşçuluq", "Hacıqabul Quşçuluq", "Muğan Quşçuluq", "Ləzzət Quşçuluq", "Pirsaat Quşçuluq" və "Yaşma Quşçuluq" şirkətlərdir. Məndə olan məlumata görə, dünəndən "Giləzi Quşçuluq" və "Hacıqabul Quşçuluq" Rusiyaya yumurta ixracına başlayıblar".
Hazırda ölkədə kifayət qədər yumurta istehsal olunduğunu qeyd edən Mürvət Həsənli xatırlatdı ki, Azərbaycandan Yaxın Şərq ölkələrinə – Qətərə, Səudiyyə Ərəbistanına, İraqa və digər ölkələrə yumurta ixrac edilir.
“Oktyabrın 1-dək olan məlumata görə, biz 40 milyon ədəd ixrac etmişik. Azərbaycanın ərzaqlıq yumurtaya gündəlik təlabatı 3,2-3,6 milyon ədəd, daxili istehsal isə 4,6-4,9 milyon ədəd civarındadır. Ölkənin təlabatı tam ödənilir. Bir milyon civarında artıq yumurtamız qalır. Bunu da Yaxın Şərq ölkələrinə ixrac edirdik. Rusiya bizdən yumurta istəyəndən sonra gücümüz çatan qədər ixrac etməyə səy göstərəcəyik”.
Gülbəniz Hüseynli / Metbuat.az