12 Dekabr 2023 15:36
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbdə direktorun müəllimi döyməsinə dair yayılan məlumatlarla bağlı müvafiq komissiya yaradılıb.
Bu barədə Metbuat.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, komissiyanın tərkibinə Təhsil İdarəsinin hüquqşünası, Gəncə şəhəri və Samux rayonu üzrə təhsil sektorlarının tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları və digər əməkdaşlar daxil edilib.
Komissiya üzvləri məktəbin direktoru və şikayətçi müəllimin, şahid qismində isə direktor müavininin izahatlarını alıblar.
Araşdırma zamanı məlum olub ki, direktor müəllimə qarşı hər hansı bir güc tətbiq etməyib, ondan şəxsiyyət vəsiqəsini istəyib və müəllim imtina etdikdən sonra mübahisə baş verib. Belə olduqda isə direktor sinif otağını tərk edib.
Məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.