21 Dekabr 2023 12:04
Türkiyə şirkətləri ilə Qarabağın bərpası üzrə imzalanmış müqavilələrin dəyəri 3,4 milyard dolları ötüb.
Metbuat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.
"2021-2023-cü illərdə dövlət büdcəsindən bu rayonda bərpa-quruculuq işlərinin icrasına 7 milyard ABŞ dolları ayrılıb. Bu layihələrdə Türkiyə şirkətlərinin fəal iştirak etməsi sevindirici haldır. Türkiyə şirkətləri ilə Qarabağın bərpası üzrə imzalanmış müqavilələrin dəyəri 3,4 milyard dolları ötüb", - o deyib.
Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.
Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.
Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.
Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, "yaşıl" enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.