METBUAT.AZ

İqtisadiyyat

Valyuta dəyişmə qaydaları dəyişir:

26 Dekabr 2023 15:49

“Valyuta mübadiləsi məntəqəsində 500 dollara qədər şəxsiyyət vəsiqəsi tələbi olmur. Amma digər limit və məhdudiyyətlər onu deməyə əsas verir ki, vətəndaş hətta 200 dollar da dəyişsə onun şəxsiyyəti haqqında müəyyən məlumatlar qeydə alınacaq”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qayda”ları barədə danışan iqtisadçı vurğuladı ki, il ərzində hər bir vətəndaş 20 min manatdan çox vəsait dəyişəcəyi təqdirdə məntəqə ondan əlavə məlumatlar tələb edə bilər:

“Bu halda sizin haqqınızda müəyyən məlumatlar sistemə daxil ediləcək. Valyuta dəyişmə məntəqələrininhər bir vətəndaş üçün günlük maksimal dəyişmə limiti 20 min manatdır. Bu o deməkdir ki, siz bir illik limitinizi bir gün ərzində də tükədə bilərsiniz. Amma 20 min manatdan çox vəsaiti dəyişəndə isə avtomatik olaraq vətəndaşdan daha detallı məlumatlar tələb olunacaq”.

Xalid Kərimli qeyd etdi ki, fiziki şəxs 200 min manat məbləğində də dollar ala bilər, amma bu zaman o alış həddini keçdiyi üçün pulun mənbəyi barədə əlavə sənədlər təqdim etməlidir.

Ekspertin açıqlamasına görə, valyuta dəyişmə məntəqələri bu məlumatları həmin şəxsin şəffaf fəaliyyət göstərib göstərməməsi, vergidən yayınmaması hallarını müəyyən etmək üçün soruşurlar. Çünki identifikasiya olunmasa digər məhdudiyyətləri izləmək mümkün olmayacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.