19 Dekabr 2023 16:33
Dünyada ilkin məlumat mənbəyi kimi geniş şəkildə istifadə və istinad edilən "Vikipediya" şəbəkəsindən ölkəmizdə də yararlananların sayı çoxdur. Son illər bu sahədə kifayət qədər inkişaf yönümlü addımlar atılıb.
Elə bu barədə Metbuat.az “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk ilə müsahibə aparıb.
Həmin müsahibəni təqdim edirik:
Elnur bəy, son illərdə Azərbaycanda “Vikipediya” sahəsində inkişaf hiss olunur. Şəbəkənin auditoriyasının genişlənməsi və əsasəndə gənclərin bu sahəyə maraq göstərməsi qane edirmi?
Düzgün olaraq qeyd edirsiniz. Bəli, Azərbaycanda “Vikipediya”da məqalə yaratmağa və onu zənginləşdirməyə böyük maraq yaranıb. İnkişaf özünü yaradılan məqalələrin həm keyfiyyətində, həm də kəmiyyətində göstərir. Keçirilən təlimlər, düşərgələrin təşkili ölkədə “Vikipediya”nın gənclər arasında populyarlaşmasına gətirib çıxarır. Əvvəllər vəziyyət o qədər qanedici deyildi. Bu gün fərqli mənzərəni müşahidə edirik.
Yəqin ki, bir çoxları üçün bu sualın cavabı maraqlı olardı. “Vikipediya” məqalələri necə qurulur? Bunun üçün xüsusi tələb, qaydalar varmı?
“Vikipediya”da məqalə yaratmaq elə də çətin deyil. Məqalə yaratmaq haqqında qaydaları bilmək kifayət edir. Bunun üçün “Youtube” kanalında Mərkəzi Elmi Kitabxananın əməkdaşı Günay Məmmədovanın hazırladığı dərslər var. Eyni zamanda peşəkar təlimçilər tərəfindən könüllülərə məqalələrin yaradılması və ümumu qaydalar haqqında təlimlər keçirilir. “Vikipediya” açıq və azad ensiklopediyadır. Hər kəsin redaktə edə biləcəyi plaftormadır. Ümumiyyətlə, “Vikipediya”nın fəlsəfəsi buna söykənir. “Vikipediya” biliklərin, dünyagörüşün bölüşməsi üçün unikal virtual məkandır. ”Vikipediya”da fəaliyyət göstərən insanın dünyagörüşünün, intellektual səviyyəsinin inkişafı mütləqdir.
Elnur bəy, “Vikipediya” hansı mövzuları maraqlı hesab edir?
Hər bir könüllü öz maraqlandığı sahələrə aid məqalələr yaradır. Ancaq məqalələrin yaradılmasında könüllülər sərbəstdir. Mövzulu aylar olur. Bu zaman bir mövzu ətrafında onlarla məqalələr yaradılır. Ən çox məqalə yaradan könüllü “Vikipediya” icması tərəfindən hansısa hədiyyə ilə mükafalandırılır. Bunun özü də “Vikipediya”nın inkişafına böyük təsir göstərir.
“Vikipediya” şəbəkəsində Azərbaycan seqmentindən daha çox türk və rus dilindəolan məlumatlar daha geniş və məzmun baxımdan əhatəlidir. Bunun səbəbləri nədir?Dünyaya yayılması, tələbat faktoru yoxda bu sahədə informasiya qıtlığımız var?
Türkiyə və Rusiya dünyada böyük dövlətlər hesab edilirlər. Nəzərə almaq lazımdır ki, dünyada Türkiyə türkcəsində danışan insanların sayı 100 milyonu keçir. Biz bura 300 milyondan çox Türk dünyasına nəzərə alarsaq, ortaya böyük rəqəm çıxır. Eyni zamanda bunu rus dilinə şamil edə bilərik. Biz çalışıb ki, “Vikipediya”nın xarici dili bölmələrində Azərbaycanla bağlı məqalələrin sayını artmasına nail olmalıyıq. Son illər Azərbaycan dili bölməsində məzmunlu, keyfiyyətli, ətraflı məqalələr yaradılır. Bu gün Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-yə yüksəlib.
Müxtəlif vaxtlarda “Vikipediya” məlumatlarının silinməsi ilə bağlı narazılıqlar olub. Hazırda isə bəzi ictimai fəal şəxslər tərəfindən onların “Vikipediya”da mövcud olan səhifələrinin silinməsi şikayətlərini eşidirik. Hansı hallarda məqalə və ya səhifə silinə bilər?
Vaxtım olduqca, bununla bağlı mətbuatda, sosial şəbəkələrdə gedən müzakiələri izləyirəm. “Vikipediya”nın qaydalarına görə ensiklopedik qaydalara cavab verməyən məqalələr silinir. Ya birbaşa, ya da müzakirə yolu ilə. Mən özüm mübahisə yaradacaq məqalələrin silinməsinə qarşıyam. Həmin məqalələri etibarlı istinadlarla zənginləşdirib saxlamaq da olar. Təəssüf ki, məqalələr silinir. Bu kimi hallar cəmiyyətdə böyük müzakirələrə səbəb olur.
Dövlət “Vikipediya”nın inkişafı üçün maraqlı təşəbbüslərə dəstək olurmu?
“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunan layihələr dəstəklənib. Səhv etmirəmsə, bir neçə layihəni icra ediblər. Bu barədə mətbuatda yetərincə məlumat var. “Vikipediya”nın fəlsəfə və qaydalarına zidd olmamaqla, ölkədə “Vikipediya”nın inkişafı dəstəklənməlidir. İllərdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Mərləzi Elmi Kitabxanasında təlimlər keçilir. Son bir neçə ay ərzində AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin təşkilatçılığı ilə AMEA institutlarının əməkdaşları könüllü sürətdə təlimlərdə iştirak edirlər. Onlar tərəfindən məzmunlu, etibarlı istinadlarla zəngiləşdirilən məqalələr yaradılır. Gənclər və İdman Nazirliyinin dəstəyi və “Azərbaycan Vikimediaçıları” istifadəçi qrupunun təşəbbüsü ilə birgə “Gənc vikipediyaçıların düşərgələrinin” keçirilməsi dəstəkdir. Millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılan “Qorqud” Vikipediya Metodik Klubunun ekspertləri Azərbaycan və xarici dili bölmələrində keyfiyyət iş ortaya qoyurlar. Sonda qeyd etmək istərdim ki, “Vikipediya” virtual plaftorması dünyaya çıxışımızı üçün yaxşı imkandır. “Vikipediya” dünyada ən çox izlənilən və müraciət internet resursudur.
Müsahibə üçün təşəkkür edirik
Çox sağ olun, uğurlar arzu edirəm.