METBUAT.AZ

Siyasət

"Xankəndindəki maç qələbəmizin tale yüklü olduğunu bir daha sübut etdi"

21 Dekabr 2023 16:08

30 ildən sonra Azərbaycan xalqı tarixi hadisəyə şahidlik edir. Bu gün Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəldi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər. İlk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə keçirilən futbol matçı öncəsi İlham Əliyev Azərbaycan xalqını ürəkdən təbrik etdi. Daha sonra tarixi qələbənin memarı olanqəhrəman şəhidlərimizin uşaqları, ailə üzvlərini salamlayan dövlət Başçısı vurğuladı ki, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, bu, bizim tarixi, əzəli torpağımızdır.

“Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq. Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir!”

Xalqımız üçün möhtəşəm sayılacaq bu gün barədə politoloq İlyas Hüseynov Metbuat.az-a bildirdi ki, yeni geosiyasi reallıqlar və Azərbaycanın qazandığı qələbə müstəvisində biz tarixi əhəmiyyət kəsb edən futbol maçı izlədik:


“Oyundan öncəki hazırlıq işləri və eyni zamanda, oyun ərzində Azərbaycanın dövlət himninin səslənməsi, stadionda Qarabağ futbol klubunun və Azərbaycanın üçrəngli bayrağının dalğalanması rəmzi əhəmiyyət kəsb edir. Maçdan öncə ilk başlama vuruşunu da Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev etdi. Eyni zamanda şəhidlərimizin xatirəsi sükut ehtiramla anıldı. Bununla yanaşı olaraq cənab Prezident oyunu həm də şəhid övladları ilə birlikdə izlədi və bütün bunlar çox gözəl bir mənzərəni formalaşdırmaqla yanaşı qələbəmizin nə qədər tale yüklü və əhəmiyyətli olduğunu da göstərir”.

İlyas Hüseynov hesab edir ki, Azərbaycan belə bir maçı təşkil etməklə Qarabağ və Şərqi Zəngəzurla bağlı prioritetlərinin mövcud olduğunu dünyaya nümayiş etdirdi:

“Bizim uğurlarımıza bizim fəaliyyətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Hətta bu yeni reallıqları qəbul etməyən qüvvələr Azərbaycanın prinsipiallığı, Prezident İlham Əliyevin siyasi iradəsi qarşısında məcbur olaraq bu reallıqları qəbul etməlidirlər. Mən bir daha Azərbaycan xalqını təntənəli və böyük qələbə qazanmağımız münasibətilə ürəkdən təbrik edirəm”.

Millət vəkili Arzu Nağıyev isə düşünür ki, Xankəndində futbol maçının keçirilməsi revanşist ideyalı bəzi separatçılara zərbə oldu:


“Biz qalib xalq olaraq işğaldan azad olunmuş ərazilərimizin hər birində bərpa işlərimizi həyata keçirməklə bərabər dinc quruculuq işlərimizi də davam etdiririk. Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasəti bəyənmək istəməyən güclər daimi ikili yanaşmadan Azərbaycana qarşı müxtəlif siyasi bəyanatlar verirlər. Azərbaycan bu idman yarışına paralel olaraq, eyni zamanda da siyasi sferada da mesajlar verdi.

Biz bu gün, doğrudan da xoş bir günlər yaşayırıq. Müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycan Prezidenti cənab İlham Əliyev vAzərbaycan xalqının yanındadır. Bizim suverenliyimiz əbədidir, müstəqilliyimiz əbədidir və hər hansı təcavüzün qarşısını almağa da biz həm silahla digər yollarla daima hazırıq.

Yaşasın Azərbaycan dövləti! , Yaşasın Azərbaycan xalqı!”.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.