25 Dekabr 2023 19:02
Yeni mövsümdən Xankəndinin Azərbaycanın futbol xəritəsində yer alacağı barədə məlumat vermişdik. Artıq bu prosesin detalları müəyyənləşib.
Metbuat.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, MOİK yeni mövsümdən sözügedən şəhərimizi təmsil edəcək. Müdafiə Nazirliyinin balansında olan komandanın orada məskunlaşması yönündə artıq işlərə başlanıb.
Əvvəlcə klub rebrendinq edilib. Klub yeni loqo ilə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən “Qarabağ”la oyunda meydana çıxıb. Bundan başqa, şirkətlərdən biri MOİK-in titul sponsoru olub.
MOİK-in yeni mövsümdən hansı liqada çıxış etməsindən asılı olmayaraq Xankəndini təmsil edəcəyi artıq dəqiqləşib. Futbol komandasının məskunlaşması üçün baza və şərait yaradılacaq.
Bundan əlavə, yaxın gələcəkdə Mərkəz Ordu İdman Klubunun nəzdində fəaliyyətdə olan bütün idman növləri üzrə idmançıların və komandaların da qədim şəhərimizdə məskunlaşması planlaşdırılır.