8 Yanvar 2024 16:24
2040-cı ildə Bakıda istehsal olunan Ümumi Daxili Məhsulun (ÜDM) dəyərinin 2020-ci illə müqayisədə 78 % çox - 52 milyard manat olması hədəflənir.
Metbuat.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Sənədə əsasən, 2019-cu ildə paytaxda 29,2 milyard manatlıq ÜDM istehsal edilib. 2020-2040-cı illərdə isə bu sektorda 22,8 milyard manat əlavə ÜDM istehsal olunacaq.
2040-cı ildə Bakıda ÜDM istehsalının əsas hissəsi mədənçıxarma sənayesi (15 %), peşəkar və maliyyə xidmətləri (11 %), turizm (10 %), ticarət (10 %) və nəqliyyat (8 %) sahələrinin payına düşəcək.
"Növbəti 20 ildə paytaxtda xarici investisiyaların məbləğinin 30,3 milyard ABŞ dolları, investisiya qoyuluşu üçün nəzərdə tutulan ərazilərin 24 min hektar olması nəzərdə tutulur", - Baş planda qeyd edilib.