METBUAT.AZ

Siyasət

ABŞ-ın kimisə ittiham etməyə nə mənəvi, nə də siyasi haqqı çatmır -

6 Yanvar 2024 00:01

“ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatında qeyri-obyektivliyə dəlalət edən faktorlar kifayət qədərdir”.

Metbuat.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyevanın məqaləsində yer alıb. Məqaləni təqdim edirik:

ABŞ Azərbaycana aid hesabatın hazırlanmasını erməniyə tapşırıb...

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti hər il dünyada insan haqları, dini azadlıqlar və s. dair hesabatları dərc etməklə dünyada bu sahələrdə “azadlıqların təşviqi”ndə ABŞ-ın aparıcı rolunu təmin etmək istəyir. Yeni dərc olunmuş qərəzli hesabatın Azərbaycana aid hissəsi dövlət komissiyasının rəhbəri Daniella Aşbaxyan olan bir ictimai xidmət tərəfindən hazırlanıb. Livan ermənisi olan bu adam Livanın Los-Ancelesdəki konsulluğunda çalışıb, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub və s. “Foreign influence laws”ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentində işləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirakı özü qeyri-qanunidir.

Hesabatın etnik erməni ABŞ vətəndaşı tərəfindən tərtib olunması özü ABŞ dövlət imkanları hesabına etnik lobbi maraqların təmin olunması presidentidir.

Son illər belə presidentlər ABŞ dövlət qanunverici və icraedici orqanlarında saysız-hesabsız həddə artmaqdadır.

Amma məsələ ondadır ki, ABŞ-da fəaliyyət göstərən etnik erməni lobbisi və diasporu, Ermənistanın və Qarabağ separatçılarının maraqlarını qorumaq və təşviq etməklə məşğul olmasını heç vaxt gizlətməyiblər.

Onların təşəbbüsü ilə ABŞ Konqresi və Nümayəndələr Palatasında, Senatın Xarici Əlaqələr Komitəsində keçirilən çoxsaylı dinləmələr və tədbirlər buna əyani sübutdur.

Ümumiyyətlə, ABŞ Dövlət Departamentinin hesabatında qeyri-obyektivliyə dəlalət edən faktorlar kifayət qədərdir.

2018-ci ildə ABŞ Dövlət Departamenti ABŞ tarixində ilk dəfə dünyanın hər yerindən rəsmilər, dini liderlər, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə sammit keçirdi.

2019-cu ilin iyul ayında isə ABŞ Dövlət Departamenti dünyanın din və vicdan azadlığına hörmət və dini azlıqların müdafiəsini təşviq etmək üçün ölkələrin edə biləcəyi tədbirləri müzakirə etməkdən ötrü Beynəlxalq Dini Azadlıq Alyansının (The International Religious Freedom Alliance -IRF Alliance) yaratdığını elan etdi.

Dini azadlığa hörmət və dini azlıqların müdafiəsinin təşviqi tədbirləri kimi isə Vaşinqtonun dini azadlıqların sıxışdırılması probleminin mövcud olduğu ölkələrə qarşı kollektiv sanksiyalar tətbiqini nəzərdə tuturdu.

ABŞ daxilində mövcud vəziyyət haqqında statistik nəşrlərin rəsmi məlumatları narahatedici vəziyyətin mövcudluğunu aşkar edib.

Hesabatı hazırlayan ölkədə - ABŞ-da dini və etnik zəmində qətllərin sayı artır

ABŞ-da cinayətkarlığın, dini və etnik zəmində qətllərin nisbəti son illərdə durmadan artır. Yalnız 2021-ci ildə qətllərin sayı 7 faiz, 2022-ci ildə isə 9 faiz artıb. Eyni zamanda, yerli ekspertlər yaxın illərdə kriminal vəziyyətin ciddi şəkildə yaxşılaşacağını proqnozlaşdırmırlar.

Yəni ABŞ Dövlət Departamentinin başı xaricdə dini azadlıqlar üzrə məsələləri izləməyə o qədər qarışıb ki, öz daxilində dini və etnik nifrətin mövcud miqyasını izləməyi sanki unudub.

FTB-nin hesabatına görə 2021-ci ildə nifrət cinayətlərinin qurbanlarının 64,5 faizi irqi qərəz, etnik mənsubiyyət və ya mənşəyə görə qərəzlilik səbəbindən törədilib. Eyni zamanda öldürülənlərin 14,1 faizi sırf dini nifrət üzərindən , dini mənsubiyyətinə görə öldürülənlər olub. Qətllərin yarıdan çoxu isə antisemitizm və islamafob təzahürlüdür.

ABŞ-ın Baş prokuroru Merrik Qarland 2022-ci ildə fərqli din və etnik qruplara qarşı nifrət cinayətləri ilə mübarizəni ABŞ Ədliyyə Departamentinin əsas prioriteti elan etmişdi. Bunun üçün isə 2021-2022-ci ildə nifrət cinayətlərini izləmək və araşdırmaq üçün ştatlara və bələdiyyələrə büdcədən kənarda maliyyə və texniki resurslar ayrılmasına qərar vermişdi. Həmçinin nifrət və qərəz zəmində bu cür hadisələrlə bağlı həm cinayət, həm də mülki araşdırmaları aparılması üçün əlavə prokurorlar təyin olunub.

Bütün bunlara baxmayaraq sanksiyalar siyahısına bir nəfər də olsun ABŞ vətəndaşının adı salınmayıb. Sanksiyaların tətbiqi ABŞ-ın xarici siyasətinin əsas alətlərindən biri kimi ən yeni tarixdə geniş vüsət almış haldır.

Məlumat üçün qeyd edim ki, Birləşmiş Ştatlar dini azadlığa hörmət və dini azlıqların müdafiəsi “tədbirləri” çərçivəsində artıq 9 ölkədən 68 fiziki və hüquqi şəxsi korrupsiya və insan haqlarının pozulmasına görə sanksiyalar siyahısına daxil edib.

Məsələn, Çin hökumətinin və Çin Kommunist Partiyasının nümayəndələrinə viza sanksiyaları tətbiq edib.

Dini hüquqları sistematik şəkildə pozmasına görə isə iki ölkəni: Rusiyanı əcnəbi missionerlərin fəaliyyət dairəsini məhdudlaşdıran “Vicdan azadlığı və dini qurumlar haqqında” qanuna görə, Çini isə “Çin Kommunist Partiyasının bütün dinlərə düşmənçiliyi” konsepsiyasına görə sanksiya siyahısına əlavə edib.

Son səslənən iki fakt artıq dini və vicdan azadlığı üçün hesabatların “təyinatı” haqqında təsəvvürləri aydın edir.

Bütün bu və digər səbəblərə görə də, ABŞ-ın kimisə ittiham etməyə nə mənəvi, nə də siyasi haqqı çatmır.

Hesabatların hazırlanması mexanizmi

ABŞ Dövlət Departamentinin dünyada din və ya əqidə azadlığına hörmət və dini azlıqların müdafiəsi üçüm hesabatların hazırlanması zamanı istifadə olunan mənbələrin mötəbərliyi və yekun sənədlərin obyektivliyi elə ilk günlərdən ciddi müzakirə mövzusudur.

Nümunə üçün bir məqamı qeyd edim ki, işğal illərində Qarabağ və ətraf rayonlarında 68 məsciddən 65-nin Ermənistan dövləti tərəfindən məqsədli və sistemli dağıdılması, ikisində isə tarixi məlumatlarının dəyişdirilməsi faktı bir dəfə də olsun ABŞ Dövlət Departamenti dini azadlıqların pozulması mövzusunda hallanmayıb.

Dövlət Departamentinin təmsilçilərinin iştirak etdiyi beynəlxalq tədbirlərdə istər Azərbaycan dövlət və vətəndaş cəmiyyət təmsilçiləri tərəfindən bu faktların işıqlandırılması da işə yaramayıb.

Şəxsən öz təcrübəmdə olan bir halı qeyd edim, keçən il oktyabr ayında ATƏT-in illik insan haqları hesabatlılığı konfransında dini və vicdan azadlığı mövzusunda müzakirə zamanı işğal illərində Azərbaycan ərazilərində dini abidə və məscidlərin dağıntısının miqyası haqqında geniş məlumat vermişdim.

Konfrans çərçivəsində ABŞ Dövlət Departamentinin nümayəndələrinin də qatıldığı müzakirələr zamanı ilə bu mövzuda 13 bənddən ibarət geniş məlumatları təqdim etdim.

Çıxışımda hesabatların hazırlanmasında açıq mənbələrdəki məlumatların istifadəsi üsulu ilə tərtib olunmasında təhriflərin mümkünlüyü haqqında kiçik müzakirə də açdım.

Vaşinqton bu dəfə də Azərbaycan və Ermənistana fərqli münasibət göstərir

Hesabatlarda adətən eyni ölkələr hədəfə alınması, digərləri isə qəribə şəkildə “qınaq”dan kənarda qalmasının uzun müddətli hesabda bu hesabatlara güvən indeksini heçə endirməsi haqqında fikirlərimlə isə çoxluq razılıqla qarşıladı.

Məsələn, dini azadlıqlardan bəhs edən hesabatlarda Azərbaycanla bağlı hər il təkrarlanan, həqiqətdən uzaq iddiaların fonunda qonşu Ermənistanla bağlı iddiaların olmaması təccüblüdür.

Vaxtilə Ermənistan dövləti tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin, qəbiristanlıqların dağıdılması faktları ABŞ tərəfindən həmişə gözardı edilib.

Digər tərəfdən, ABŞ-ın özündə dini azadlıqlarla bağlı kiçik bir araşdırma bu sahədə vəziyyətin necə dramatik olması, bütün dünyanın diqqətindən qaçan ABŞ daxili siyasət və cəmiyyət reallıqları, narahatedici tendensiyaların mövcudluğunu aşkar edir.

Araşdırmalar zamanı ölkə daxilindəki vəziyyətə dair hesabatların hazırlanması zamanı bilərəkdən və ya “diqqətsizlikdən” ciddi nöqsanlara yol verilməsi aydın olur.

Məntiqi olaraq “Xarici ölkələrlə bağlı hesabatlarda eyni halların olmadığına kim zəmanət verə bilər?” sualı hamını düşündürür. Bu cür zəmanətin olmaması və hesabatın qərəzli hazırlanması onun nəticələrinin obyektiv olmadğının sübutudur.


metbuat.az.