METBUAT.AZ

Ölkə

"ABŞ və Fransa bu iyrənc siyasətdən əl çəkməlidir" -

8 Yanvar 2024 15:48

"ABŞ və Fransanın Azərbaycana qarşı bu siyasəti çox anlaşılmaz və onlar üçün utancvericidir. Əgər təxribatlardan danışırıqsa, artıq siyasi müstəvidə bu təxribatlar baş verir. Ceyms Obraynın ABŞ Konqresində dinləmələr keçirməsi, Azərbaycana hədələr yağdırması və daha sonra Bakıya gəlmək cəhdi də o siyasətin davamı kimi qiymətləndirilməlidir. Ola bilsin ki, onlar həm də sərhədyanı bölgədə Ermənistanın qüvvələrindən istifadə edərək, hərbi birləşmələri təxribata çəksinlər. Lakin bunlar əbəsdir, Azərbaycan özünü müdafiə edə bilir və güclüdür".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, ABŞ-nin Qafqaz siyasəti son dərəcə qeyri-müəyyən və təxribat yönlüdür:

"ABŞ Fransa ilə əlbir olaraq açıq-aşkar sülh prosesinin sabotajı ilə məşğuldur. Biz görürük ki, Entoni Blinken və digər ABŞ rəsmiləri guya Vaşinqton platformasının inkişaf etdirilməsinə çalışırdılar, ancaq eyni zamanda görürük ki, həm ABŞ, həm də Fransa rəhbərliyi Ermənistanı düz yoldan əyri yola çəkirlər. Onlar Ermənistana təlqin etməyə çalışırlar ki, guya Azərbaycan Rəsmi İrəvana qarşı yeni təxribatlara hazırlaşır, ərazi iddiaları irəli sürür və s.

Əslində bütün bunlarla məşğul olan illərdir Ermənistan idi. Azərbaycan bütün dünyaya bəyan etmişdi ki, Ermənistanın işğalçı siyasətinə reaksiya verilməlidir. Nə BMT, nə Avropa təsisatları, nə digər təşkilatlar Azərbaycanın haqq sözünü dinləmədilər. Həmçinin çalışdılar Ermənistana şərait yaratsınlar ki, Ermənistan öz mənfur siyasətini davam etdirə bilsin. Lakin Azərbaycan öz gücünə arxalanaraq bütün problemlərin həllini tapdı. Bu gün də Avropa və ABŞ bizim qələbəmizlə barışmaq istəmir".

Politoloq son olaraq qeyd edib ki, ABŞ Azərbaycana qarşı bu qeyri-müəyyən, iyrənc siyasətindən əl çəkməlidir:

"Bildiyiniz kimi Azərbaycan ABŞ ilə üç istiqamətdə əməkdaşlıq edir: Enerji sektoru, demokratiya və azadlıqların inkişafı sahəsi və təhlükəsizlik sahəsi. Bütün bu sahələrdə Azərbaycan ABŞ-yə çox dəstək verib. Dünyada bir neçə qaynar bölgələrdə bizim sülhməramlılarımız ABŞ tərəfində iştirak edib. Ona görə də, ABŞ özünü bilməməzliyə vurmamalıdır, şəffaf siyasət sərgiləməlidir. Bunun üçün vaxt çoxdan çatıb".

Cavidan Mirzəzadə / Metbuat.az


metbuat.az.