31 Yanvar 2024 15:09
“İran və ABŞ arasında gərginliyin artacağı gözləniləndir. Bunun ilk növbədə Yaxın Şərqdə təhlükə yaradacağı aydındır. İranın ABŞ hərbi bazalarına hücumu, ABŞ-nin Yaxın Şərqdə mövcudluğunu davam etdirməsinə sanki imkan verir”.
Bunu Metbuat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, ABŞ-da uzun müddətdir Yaxın Şərqdəki hərbi missiyanın dayandırılması müzakirə edilir, bölgə ölkələri də buna çalışırlar: “Lakin son hücumlar, xüsusilə ABŞ hərbiçilərinin ölməsi ilə nəticələnən hücum Vaşinqtonun bu bölgədə qalmalı olduğunun vacibliyini gündəmə gətirdi. ABŞ-ın İrana birbaşa hərbi müdaxilə ehtimalı azdır. Daha çox İrana bağlı qüvvələrlə ABŞ-ın bölgədəki qüvvələri arasında münaqişələr ola bilər”.
Ekspert bildirib ki, belə bir gərginlik Cənubi Qafqaza təsir göstərməyə bilməz: “Arxa fonda müəyyən bir anlaşmanın olduğu görünür və bu gərginlik bir çox bölgəyə təsir edə bilər. Fikrimcə, bu gərginlik İranın Cənubi Qafqazdakı siyasətini daha da yumşaldacaq. Azərbaycan bu prosesi izləyir və həmişə belə qarşıdurmalardan uzaq durub. Azərbaycan hər iki tərəflə daha sıx münasibətlərun qurulmasından yana ola bilər amma regional konteksdə baxsaq İranda daha çox yaxın münasibətlər sərgiliyə bilərik. Çünki regional komissiyanın açılması Bakı üçün daha aktualdır. Amerika isə bu məsələdə Erməni tərəfdən çıxmağı təklif edib. Hətta Prezident İlham Əliyev bildirib ki, Amerika İran marşurutun açılmasına qarşıdır”.
Seyranə Quliyeva / Metbuat.az