30 Yanvar 2024 16:42
Növbədənkənar prezident seçkilərində indiyədək 82 minə yaxın yerli müşahidəçi Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditə olunub.
Bunu Metbuat.az-a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, bu müşahidə missiyalarının tərkibində əsas yeri tutan öz təşəbbüsləri ilə prosesə maraq göstərən müşahidəçilərdir: “Bundan başqa siyasi partiyalar xüsusi fəallıqla bu müşahidə prosesinə qatılıblar. 19 siyasi partiyanın təmsilçiləri seçki prosesini müşahidə etmək üçün MSK-da və dairə seçki komissiyalarında akkreditasiyadan keçiblər. Seçkilərdə namizədlə çıxış etməyən 14 siyasi partiya da seçki prosesindən kənarda qalmayıb və onlar öz müşahidəçilərini qeydiyyatdan keçirməklə aktiv şəkildə prosesləri izləyirlər”.
R.Qasımov vurğulayıb ki, müşahidəçilərin böyük bir qrupu da qeyri- hökumət təşkilatlarını (QHT) təmsil edirlər: “Belə ki, prezident seçkilərində ümumilikdə 78 QHT öz nümayəndələri ilə müşahidəçi qismində təmsil olunacaqlar. Bu da əvvəlki illərlə müqayisədə kifayət qədər yüksək rəqəmdir. İnanırıq ki, sözügedən şəxslər seçki günü prosesləri fəal şəkildə müşahidə edəcək və aşkarladıqları məlumatları MSK ilə bölüşəcəklər”.