METBUAT.AZ

Siyasət

AŞPA -nın qərarı Avropa ilə iqtisadi münasibətlərə necə təsir edəcək -

30 Yanvar 2024 17:02

“Azərbaycanın Avropa İttifaqının doqquza yaxın ölkə ilə ikitərəfli, yüksək səviyyəli münasibətləri mövcuddur. Bu gün gündəmdə Azərbaycanın Avropaya ehtiyacından çox, Avropanın Azərbaycana ehtiyac duyması məsələsi gündəmdədir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib. Hazırda Azərbaycanın karbohidrogen ehtiyatlarının böyük hissəsini Avropaya nəql edildiyini xatırladan millət vəkili vurğulayıb ki, Azərbaycan bərpa olunan enerji sahəsində Avropanın dayanıqlı tərəfdaşıdır:

“Azərbaycan Avropanın bir parçası kimi Cənubi Qafqazda çox vacib bir strateji partnyordur. Bu mənada biz hər hansı bir qurumların, təşkilatların bəyanatını və qərarlarını onun üzv olduğu dövlətlərin adı ilə bağlamalı deyilik. Azərbaycan nümayəndə heyətinin AŞPA -dakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər undurması və etiraz olaraq oranı tərk etməsi çox doğru və düzgün addımdır.

Bu, Azərbaycan dövlətinin qətiyyətini bir daha göstərmiş oldu. Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyası siyasi qurum olaraq hər hansı bir qərarlarında hüquqi tələblər mövcud deyil. Hüquqi əsaslar yoxdur, məcburiyyət yoxdur. Ona görə də orada olan hər hansı bir qərarların verilməsi məcburi xarakter daşımır. Orada səs verən hər hansı bir deputat mənsub olduğu seçildiyi ölkənin rəsmi mövqeyini ifadə etmir. Həmin iclasda əksəriyyəti solçular, sosialistlərdən ibarət olan deputatların çoxu öz ölkələrində müxalifət fraksiyasındadırlar və onların mövqeyi mütləq surətdə hökuməti dövləti ifadə etmir”.

AŞPA ilə münasibətlərin gərginləşməsinin Avropa ilə iqtisadi münasibətlərə xüsusən də hər hansı sanksiyaların tətbiqindən söhbət getmədiyini qeyd edən millət vəkili bildirib ki, bu gərginliyin səbəbkarı Fransa və onun əlaltısı olan dövlətlərdir:

“Frankofoniya dövlətlərinin, Fransanın, Niderlandın xarici işlər nazirləri səviyyəsində Azərbaycana qarşı səslənən bu fikirlərin iqtisadiyyatımıza ciddi bir təsiri gözlənilmir. Ümumiyyətlə, Azərbaycanın əsas ixrac tərəfdaşları sırasında Balkan ölkələri və İtaliyanın adını çəkə bilərik. Bir neçə ölkələr var, onlar ölkəmizdə böyük bizneslərini inkişaf etdirirlər. Azərbaycan da həmin ölkələrdə bir çox layihələrin müəllifidir.

Fransa və onun əlaltısı olan dövlətlər cılız hərəkətlərlə Azərbaycana təsir göstərib Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması yolundakı inamlı addımlarına mane olmaq istəyirlər. Hesab edirəm ki, bu gərginlik müəyyən zamandan sonra keçib gedəcək. Avropada Azərbaycanla münasibətlərdə dost olan dövlətlərin konkret maraqları var. Avropa ilə münasibətlər azalmayacaq. zaman ötdükcə daha da artacaq”.

Azərbaycanın iqtisadi inkişafı əsasən Qərb yönümlü olduğunu vurğulayan iqtisadçı Rəşad Həsənov bildirib ki, Azərbaycan və Qərb arasında iqtisadi münasibətlər əsasən enerjiyönümlü münasibətlərə dayanır.

“Azərbaycandan Avropa ölkələrinə, xüsusilə də Cənub Şərqi Avropa ölkələrinə neft-qaz ixrac edilir. Bu ixracın müəyyən bir qismi təxminən ümumi ixracın 10 faizi həcmində qeyri-neft məhsulları təşkil edir. AŞPA-da baş verənlərin orta və uzunmüddətli dövrdə, Azərbaycanın iqtisadi münasibətlərinə böyük təsirləri gözlənilmior. Eyni zamanda bu istiqamətdə hər hansı bir sanksiyaların məhdudiyyətlərin tətbiqinə gətirib çıxaracaq addımlar atılmayacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi”mövzusu üzrə dərc olunub.



metbuat.az.