METBUAT.AZ

Siyasət

"AŞPA Fransa və Almaniyanın əlində alətə çevrilib" -

25 Yanvar 2024 14:17

“AŞPA-nın son iclasında alman deputat tərəfindən qaldırılan məsələ növbəti avantüradır və ikili standartların növbəti təzahürüdür”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Deputat vurğulayıb ki, AŞPA artıq Fransa və Almaniyanın əlində alətə çevrilib:


“Görünən odur ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbə, işğalda olan torpaqlarımızın azad edilməsi eləcə də antiterror əməliyyatı nəticəsində suverenliyimizin təmin edilməsi birmənalı olaraq AŞPA tərəfindən həzm edilə bilmir. Məhz bu səbəbdən AŞPA Azərbaycana qarşı müxtəlif qarayaxma kampaniyası apararaq əsassız ittihamlar səsləndirir. Azərbaycan nümayəndə heyətinin yanvar ayının 24 –də bəyanatla çıxış edərək məkanı tərk etməsi çox doğru bir addımdır. AŞPA da onların arxasında dayananların Azərbaycana qarşı səsləndirilən ittihamlarının heç bir əsası yoxdur və bununla ölkəmizə qarşı hər hansı bir təzyiq nümayiş etdirə bilməyəcəklər”.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan dövləti tərəfindən milli maraqlara söykənən müstəqil siyasət yürüdülür və bundan sonra da bu siyasət davam edəcəkdir. Cavid Osmanov onu da əlavə edib ki, bu kimi bəyanatların, qətnamələrin, əsassız ittihamların, Azərbaycana təsiri olmayacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.