22 Yanvar 2024 10:45
Rusiyada uzun müddət cinayətkar dəstəyə başçılııq edən azərbaycanlı avtoritet Ruslan Hacısəlimov Azərbaycanda saxlanılıb.
Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Şəki Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, həmin silaha məxsus 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Ekspertizanın rəyinə əsasən Ruslan Hacısəlimovdan götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.
Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, R. Hacısəlimov uzun müddət Rusiyada cinayətkar dəstənin başçısı olub. Onun başçılıq etdiyi dəstə Rusiyanın müxtəlif vilayətlərində adam oğurluğu və digər ağır cinayətlər törədib.
R. Hacısəlimovun dəstəsinin hay-küylü cinayətlərindən biri də 2013-cü ildə törədilib. Həmin vaxt dəstə, Moskvada tanınmış azərbaycanlı iş adamlarından birinin övladını oğurlayaraq ailə üzvlərindən girovun qaytarılması üçün 700 min ABŞ dolları istəyib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının Moskva vilayətinin Naro-Fominsk rayonunun Aprelevka kəndində keçirdiyi əməliyyat zamanı cinayətkar dəstənin 3 rəhbərindən biri - Rafiq Mirzəyev polisə silahlı müqavimət göstərdiyi üçün öldürülüb, dəstənin digər başçıları - Ruslan Hacısəlimov və Samir Abdullayev həbs edilib. 10 il həbs cəzası çəkən R. Hacısəlimov bu yaxınlarda Azərbaycana gəlib.
Metbuat.az