METBUAT.AZ

Siyasət

"Azərbaycan Avropa ilə bağlı qərarını verəcək" -

25 Yanvar 2024 14:52

“AŞPA nın plenar iclasında nümayəndə heyətimizin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməsi ilə bağlı qətnaməyə təmsil olunan 76 deputatın lehinə səs verməsi Azərbaycana qarşı olan qərəzli mövqedən xəbər verir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib. Deputat hesab edir ki, bu məsələdə söhbət konkret olaraq siyasətdən gedir:

“Vaxtilə separatçıların Azərbaycan ərazisindən çıxmasını əks etdirən qətnamələr yerinə yetirilməyəndə AŞPA susurdu. ATƏT-in Minsk qrupu həmsədrləri regiona dəfələrlə səfər edib dekorativ bəyanatlardan çıxış edib gedirdilər. Həmin o dövlətlərin çoxunun burada siyasi, iqtisadi, hətta deyərdim, mənəvi hərbi maraqları olub. Həm onlar, həm müxtəlif qeyri-hökumət təşkilatları qondarma soyqırımdan, qondarma separatizmdən istifadə edərək bu məsələləri müxtəlif tribunalarda qabardaraq böyük vəsaitlər qazanırdılar. Həmin o dövlətlərin şirkətləri isə işğal olunmuş ərazilərdə bütün yeraltı və yerüstü sərvətlərimizin dağıdılması ilə məşğul olub, həm də o yolla cibləri doldururdular. Bu gün artıq onlar üçün problem yaradan məsələ yoxdur. Çünki biz müstəqil olaraq problemimizi həll etmişik”.

AŞPA-nın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam bərpa etməsini qəbul etmədiyini vurğulayan A.Nağıyev hesab edir ki, Qərb regionda münaqişə, müharibə olmasında maraqlıdır:

“Bundan sonra Azərbaycan Avropa ilə bağlı qərarını verəcək. Əgər Avropa dövlətləri bizi enerji təhlükəsinə təhdidin qarşısını alan bir dövlət kimi qəbul edirlərsə, bunu da düşünməlidirlər. Azərbaycan da adekvat olaraq həmin o dövlətlərə qarşı öz fikrini bildirib, siyasətini yürüdəcəkdir”,- sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.